Xorvatiya həm izləyicilərin, həm də bukmeykerlərin düşüncəsinə görə bu günə qədərki ən böyük çıxışını etməyə hazırlaşır. Hər şeydən əvvəl onu bildirək ki, Xorvatiyada keçirilən və ölkənin Avroviziya təmsilçisini seçən “Dora 2024” başa çatıb. İki yarımfinal və final mərhələsindən ibarət olan yarışmanın qalibi tamaşaçı və münsiflərin səsinə əsasən “Rim Tim Tagi Dim” kimi fərqli bir ada sahib olan mahnı ilə “Baby Lasagna” olub və Avroviziya bileti əldə edib.

Müsabiqınin qaydalarına əsasən yarımfinallarda 100% tamaşaçıların səslərinə görə, finalda isə 50% izləyicilərin, 25% beynəlxalq münsiflərin və 25% ölkə sənətçilərindən ibarət münsiflər heyyətinin xallarının cəminə əsasən səsvermə keçirilib və deyə bilərik ki, tamaşaçılar və münsiflərin qərarı üst-üstə düşüb.

Əsl adı Marko Purişiç olan 28 yaşlı “Baby Lasagna” bundan öncə də Avroviziyaya qatılmaq üçün cəhd edib. 2011-ci ildən “Manntra” adlı qrupun bass gitaraçısı olan Marko, 2019-cu ildə qrupu ilə birlikdə “Dora” müsabiqəsinə qatılıb, lakin 4-cü yerlə kifayətlənmək məcburiyyətində qalıblar. Keçən il isə Marko qrupdan ayrılıb və öz solo karyerası üçün işlərə başlayıb.

Mahnı yayımlandığı gündən demək olar ki, müsabiqə izləyicilərinin favoritinə çevrilib və hal-hazırda bukmeykerlərin rəylərinə əsasən qalib olmağa əsas namizədlərdən biridir.

28 ildir müsabiqədə iştirak edən və qazandığı ən yüksək nəticəsi 4-cü yer olan Xorvatiyanın bu il qalibiyyəti dada bilib-bilməyəcəyini öyrənmək üçün isə nə az nə çox, düz 2 ay gözləmək lazımdır.