Avroviziya bitmiş ola bilər, sizin müsabiqə ilə əlaqəli danışmağa bir şeyiniz olmasa da kədərlənməyə ehtiyac yoxdur. Çünki hər yay uzun bir həftə sonunda bir yerdə içki içmək, günəş vannası qəbul etmək və minlərlə insanla birlikdə musiqidən həzz almaq mümkündür.
Yəqin ki, nədən danışdığımızı başa düşmədiniz. Təəccüblənməyə ehtiyac yoxdur, biz festivallardan danışırıq!
Bu il bütün Avropa boyunca festivallarda çıxış edəcək Avroviziya iştirakçılarını sizin üçün topladıq.
Måneskin
Qalibiyyətlərindən bəri dünyaya səs salan, ən böyük festivallarda çıxış edən Maneskin qrupu bu yay da öz dünya turu proqramlarında festivala yer verib. Qrup 25 iyunda 210.000 nəfərin qatıldığı dünyanın ən böyük, ən məşhur musiqi festivallarından biri “Glastonbury”də çıxış edib.
Cornelia Jakobs

Hər nə qədər qalib olmasa da ölkəsi İsveçi və dinləyiciləri “əlinə alan” Cornelia Jakobs 70.000 izləyicinin olduğu “Lollapalooza Stockholm” festivalında çıxış edəcək. Qeyd edək ki, festivalda The 1975, Travis Scott, Lizzo, Lil Nas X, One Republic və Zara Larson kimi ifaçılar da yer alacaq.
Go_A
2021-ci ildə Maneskini heç kim məğlub edə bilmədi. Lakin Avropa həmin il 5-ci yerin sahibi Go_A qrupunu hələ də unutmayıb. Öz fərqli tərzləri ilə biz bu qrupu 14 iyul tarixində Norveçdə “Riddu Riđđu Festivalı”nda, 11 avqustda isə Polşada keçiriləcək “Fest Festival”da görə bilərik. Xatırladaq ki, onlar artıq Niderlandda “Het Groot Verlof ” festivalında səhnə alıblar.
Joker Out

Qrup demişkən, bu il fanatların marağını ən çox cəlb edən təmsilçilərdən olan Joker Out qrupu da həm ölkəsi Sloveniyada, həm də Serbiyada baş tutacaq müxtəlif festivallarda çıxış etməyə davam edir. Festivallar və tarixləri haqqında ətraflı məlumatı qrupun rəsmi veb saytından əldə edə bilərsiniz.
Let3
Balkan ölkələrindən çox uzağa getməsək Let3 qrupunun bəlkə də say etibarilə ən çox festivalda çıxış edəcək iştirakçı olduğunu görüb təəccüblənə bilərik. Onlar bu yay nə az, nə çox düz 8 festivalda səhnəyə çıxacaq. Bəlkə də aranızda inanmayanlar olacaq, elə isə tarixlərə göz gəzdirək.
29.06. Kragujevac | Arsenal Fest
30.06. Mostar | Mostar Summer Fest
23.07. Krapinske Toplice Bad|Fest
02.08. Velika Polana | Pomurski Poletni Festival
04.08. Ploce | Festival Od2do2
05.08. Fara | Castle Festival
06.08. Bijeljina | Beer Fest
12.08. Kresevo | Crash Fest
Blind Channel

Festival dedikdə ağıllara yəqin ki, ən çox rok janrı gəlir. Avroviziyada rok deyiləndə isə böyük ehtimal ki, ən birinci yada Finlandiya düşür. 2021-ci ildə səs verən xalqın rəğbətini qazanan fin qrup Blind Channel isə Lissabonda “Evil Live Festival”, İspaniyada “Resurrection Fest”, Almaniyada “Reload Fest” səhnəsində çıxış edəcək.
Kaarija
18-19 avqust tarixlərində Finlandiyanın Espoo şəhərində baş tutacaq “Tadiola Festival”a gedənlər çox şanslıdır. Çünki, onlar həm Blind Chanell, həm də Kaarijanı dinləyə biləcəklər. Bundan əvvəl isə Kaarija “Vaasa Festival”da fanatları ilə bir araya gələcək.
Alina Pash
Sonda isə, Avroviziya səhnəsində onu görə bilməsək də bir çox festivallarda görə biləcəyimiz Alina Pash var. O, artıq Varşavada “Orange Festival”da çıxış edib. 30 iyul tarixində isə Belçikada “Festival Esperanzah”da görmək mümkündür.