Finlandiyanın Avroviziya təmsilçisini seçmək üçün təşkil olunan “Uuden Musiikin Kilpailu 2024” (və ya “UMK 2024”) dünən böyük gecə ilə yaddaşlarda qaldı. 7 namizədin mübarizə apardığı müsabiqənin qalibi fərqli tərzi, səhnədə əsdirdiyi nostalgiya mehi, eləcə də qopardığı tufan ilə “Windows95man” düeti və “No Rules!” mahnısı oldu.

75% izləyicilərin, 25% isə münsiflər heyətinin səsləri ilə hesablanan müsabiqənin nəticələrində münsiflər ilə izləyicilər qarşı-qarşıya gəliblər demək mümkündür. Münsiflər heyətinin verdiyi səslərə əsasən ilk yerin sahibi 70 xal ilə Sara Siiplo olarkən “Windows95man”sadəcə 28 xal ilə ən sonuncu yerdə qərarlaşıb. Ancaq izləyicilərin səsləri açıqlanan zaman bir “KEiiNO” hadisəsi yaşanıb və izləyicilərdən 285 xal, ümumilikdə 313 xal toplayaraq “Windows95man” gecənin qalibi olub.

90-cı illərin avrorəqs janrının təsirlərini hiss etdiyimiz, bir qədər “Ace of Base”, “Snap!” və “Eiffel 65” mahnılarını xatırladan “No Rules!” mahnısı haqqında qrup üzvlərindən Keisteri aşağıdakı fikirləri səsləndirib:

Mənə elə gəlir ki, finlandiyalılar daxili aləmlərində kifayət qədər çılğın insanlardır və bunu daha çox ortaya çıxartmaq istədim. İndi isə daha böyük kütləyə səslənərək “qayda yoxdur” deyə bilirəm.

Solisti Teemu Keisterin evindən çəkdiyi “YouTube” videolarının məşhurlaşması və 2013-cü ildə “Flow” adlı festivala DJ kimi dəvət alması ilə fəaliyyətə başlayan qrup çıxdıqları ilk gündən özlərinə məxsus geyim tərzləri ilə də diqqət çəkiblər. Çox qısa kəsilmiş şort və əfsanəvi əməliyyat sistemi “Windows 95”-in loqosunun olduğu bir köynək ilə tamamlanan səhnə geyimi Keisterin dostu tərəfindən düşünülüb.

Avroviziya üçün maraqlı ola biləcək və izləyicilərdə həm nostalji hissləri, həm də rəqs ruhunu oyada biləcək bu ifa və qrupun hazırda dinlənmə və baxış sayları da söylənilən fikrin əksini bizə demir.