Ukraynanın Avroviziya Mahnı Müsabiqəsində təmsil ediləcəyi mahnını müəyyənləşdirəcək olan milli seçim turu “Vidbir 2024”-ün son 11 finalçısı və mahnısı artıq bəllidir. Finalçılar arasında “Vidbir 2018” qalibi Melovin və daha öncə müsabiqəyə qatılmış alyona alyona, Cerri Heyl və YAKTAK da yer alır.

Tam sıralama isə belədir:

01.         Melovin — “Dreamer”

Ukraynanı 2018-ci ildə təmsil etdikdən sonra şansını bir daha yoxlamaq qərarı alan Melovin, bu dəfə mahnısını “dünyamızın bütün xəyalpərəstlərinə qəsid” kimi təsvir edir. O hətta iddia edir ki, ilham almaq üçün qəbiristanlıqda gəzib.

02.         Ingret — “Keeper”

Görünür, 2018-ci ildə Vidbir-də Melovinə rəqib olan Ingret üçün yenə də vəziyyət dəyişmir. O çıxışlarında həmişə teatral sehr yaradır və əsas məqsədi tamaşaçılarla enerji və sevgi mübadiləsi aparmaqdır.


03.         Drevo — “Endless Chain”

21 yaşlı Maksim musiqi yazmaqla yanaşı, İnformasiya Texnolohiyaları təhsil alır. O, Ukrayna mədəniyyətini tanıtmaq və dinləyicilərə keyfiyyətli iş təqdim etmək üçün əlindən gələni edir.

04.         alyona alyona və Cerri Heyl — “Teresa & Maria”

Ukraynanın ən güclü müğənnilərindən sayılan bu ikili qadın dostluğu haqqında oxunacaq mahnı üçün birləşiblər. “Mahnı bizi 2 qadın olaraq birləşdirir və qadın gücündən bəhs edir” – müğənni Cerri Hayl vurğulayıb.

05.         Anka — “Палала”

Anna Korçenova 3 yaşından fleyta çalır və folklor qruplarında oxuyur. Onun musiqisi xalq motivlərini özündə birləşdirir. Adı “alovlanan” mənasını verən mahnı özünüzü yüksəltmək və irəliyə doğru davam etməkdən bəhs edir.

06.         Nazva — “Slavic English”

Pavel və Yaroslav öz üslublarını “alternativ etnoart xaosu” kimi təsvir edirlər. Onların mahnısı dünyanın müxtəlif xalqlarının klassik musiqisi və ritmlərinin poeziyasının və əsərlərinin sintezidir.

07.         Nahaba — “Glass”

Güclü qadın səsini kişi vokalı ilə birləşdirən mahnı Ukrayna neo-folkunun müxtəlif janrlarla eksperimental qarışığıdır.

08.         Skylerr — “Time Is Running Out”

Odessa vilayətindən olan Valeriyanın 2022-ci ildə mahnısı viral olmuşdu. İndi o, Ukraynanın ürəyini fəth edəcək yeni hitlər üzərində işləyir.

09.         Yagody — “Tsunami”

Bu musiqi qrupu Lviv teatrında “etno-drama” janrında tamaşalarında çıxış edir. Onlar Ukrayna xalq mahnılarını populyarlaşdırmağa çalışırlar.

10.         YAKTAK — “Lalala”

Ötən il Spotify statistikasına görə ən populyar Ukraynalı müğənni 2005-ci anadan olub. Tiktokda məşhur olan YAKTAK “The Voice” yarışmasının finalçısı olub.

11. Ziferblat — “Please I Call Home”

Ziferblat “X Factor”la yanaşı, bir sıra festivallarda iştirak edib. Onların açıqlamasına görə, qrup heç bir konkret üslubu izləmədən həmişə dəbli, parlaq və mənalı ifalar yaratmağı üstün tuturlar.

Qeyd edək ki, milli final 3 fevralda baş tutacaq.

Mənbə: eurovision.ua/ @eurovanya, X