Qonşu Gürcüstanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən “Sirkus Mirkus” qrupu ilk məşqi üçün müsabiqənin baş tutacağı “PalaOlimpico” səhnəsinə çıxıb.

Gürcüstanın birinci kanalının “Eurovision” layihəsi olan qrup orijinal konsepsiya daşıyıcısıdır və qrup üzvlərinin kimlikləri ictimaiyyətə açıqlanmır.
Müsabiqədəki ilk məşqləri üçün “PalaOlimpico” səhnəsinə çıxan qrup səhnədə əsil sirk ab-havası yaratmağı bacara bilib. LED ekranlardan istifadə edən Gürcüstan nümayəndə heyəti bu günlərdə səhnəyə çıxan ölkələr arasında gördüyümüz ən gözəl qrafikalara sahibdir.
Qrup daha sonra mətbuat konfransında iştirak edərək jurnalistərin suallarını cavablandırıb. Qrupun əsas müğənnisi qrupun ideologiyası haqqında məlumat verərək bildirib ki, müsabiqəyə qatılma səbəbi ideologiyamızı daha çox insana tanıtmaq və özümüzə tərəfdar yığmaqdır.
Bizim ideologiyamızda və fəlsəfəmizdə sizin kim olduğunuzun fərqi yoxdur. Şəxsiyyətlər bəzən həddindən artıq qiymətləndirilir. Biz üzümüzü örtmək qərarına gəldik ki, hamı bilsin ki, sərgüzəştlərimizin bir hissəsi olmaq istəyirsinizsə, kim olduğunuzdan asılı olmayaraq bizə qoşula bilərsiniz.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” olan “Eurovision” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də baş tutacaq. “Sirkus Mirkus” qrupu may ayının 12-də baş tutacaq 2-ci yarımfinalda Azərbaycan təmsilçisi Nadir Rüstəmlidən dərhal sonra 5-ci nömrə altında səhnəyə çıxacaq.
Mənbə: EBU / ANDRES PUTTING, Rai Tv