Avroviziya Mahnı Müsabiqəsi namizədlərimizə yer verdiyimiz bu yazı silsiləsinin bugünkü qəhrəmanı Elvin Novruzovdur. Biz onu “Qorqud” səhnə ləqəbi ilə tanıyırıq. Gənc sənətçi verdiyi açıqlamada bu ləqəbi Dədə Qorduq ilə əlaqələndirib.

Elvin 1992-ci ildə Azərbaycanın gənclər şəhəri ünvanını almış Gəncə şəhərində dünyaya gəlib. Musiqiçi ailəsində dünyaya göz açan Elvinin anası Gəncə Dövlət Universitetində fortepiano üzrə baş müəllimə işləyib. Müxtəlif uşaq xorlarında ifalar edən Elvin gələcəkdə uğurlu bir sənət yolu keçəcəyinə əmin idi.

Dünya səhnəsinə addım atmaq üçün Avroviziya Mahnı Müsabiqəsi yaxşı bir tramplindir. Elvinin isə bu müsabiqə ilə tanışlığı elə uşaq yaşlarından başlayıb. Avroviziya Mahnı Müsabiqəsi kimlərə ilham olmayıb ki? Elvində yaranan bu maraq isə onu bu böyük platformaya gətirib.

O,  komandamıza verdiyi xüsusi açıqlamalarda yarışma ilə əlaqədar fikirlərinidə bölüşüb:

Avroviziya Mahnı Müsabiqəsini izlərkən nə vaxtsa özümü orada görürəm kimi hisslər xatırlayıram. Lakin hazırda məni maraqlandıran daha çox ölkəmi layiqincə təmsil etməkdir. Dünyaya sübut etməkdir ki, bizə xarici müəlliflər lazım deyil. Bütün mahnılarımı özüm bəstələyirəm. Və inanıram ki mənim kimi insanlar ölkədə çoxdur. Musiqimizi, adımızı dünyaya çatdırmaq istəyirəm. Və bunun üçün daxili seçimlərə qatıldım. Və bu mənim ilk cəhdim deyil. Daha əvvəl 2020-ci ildə keçirilən daxili seçim turunda iştirakçılar arasında idim.

Görünür ki, Elvin təslim olmağı sevmir. Ona Avroviziyanın savaşçısı deyə bilərik. Və bu, boş yerə deyil. Çünki onun mahnısının fundamenti “Ceyms Bond” filmlərinin saundtreklərini xatırladır.

Elvin bildirir ki:

Mahnımı özüm bəstələmişəm, bu mahnı aksiyon filmlərinə çox yaraşardı, “007 Ceyms Bond” movzusu. Mənim mahnım adi mahnı deyil və həmin mahnıya möhtəşəm səhnə performansı hazırlamaq olar. Eləcə də ölkəmiz üçün çox yaxşı nəticə əldə edə biləcək böyük potensialı olduğunu da düşünürəm.

Now forget your fears….
All we need is love

Bütün sorğu zamanı ənənə halını almış “Bəs rəqiblərin barədə nə düşünürsən?” sualına isə, çox səlis bir cavab verir:

Bütün iştirakçılara böyük hörmətim var. Hamısı ilə yaxşı münasibətdəyəm. Əgər sual favoritdən gedirsə, favorit mənim üçün iştirakçı deyil, mahnıdır. Avroviziya mahnı müsabiqəsidir. Başqa mahnıları eşidməmişəm deyə favorit barəsində düşünə bilmirəm. Eşitdiyim 2 mahnı var bir özümün, bir də ki Emiliyanın. Hər iki mahnı mənim bəstəmdir.

Elvininin ən çox bəyəndiyi Avroviziya Mahnı Müsabiqəsindəki çıxışlarımız arasında isə “Day After Day”, “Always”, “Running Scared” və Safura Əlizadənin ifa etdiyi “Drip Drop” yer alır.

Və bundan əlavə o, Avroviziya Mahnı Müsabiqəsi ilə əlaqəli bir xatirəsini də bizimlə bölüşdü:

2011-ci ilin səsverməsi çox həyəcanlı idi. O qədər həyəcan yaşadım ki, bir an qalib ola bilmərik və məyus olaram deyib televiziyanı söndürüm. Qələbə günümüzün səhərisi isə o möhtəşəm xəbəri alanda sevincimin həddi-hüdudu yox idi.

Hər iki bəstəsi ilə böyük 6-lığa düşməyi bacaran Elvini təbrik edirik. Bu əsl uğurdur və bizim necə gənc istedadlara sahib olduğumuzu sübut edir.

Bu sənət yüklü musiqi hekayəsini isə Elvinin sözü ilə tamamlayırıq:

Bütün iştirakçılara uğurlar arzu edirəm. Layiq olan mahnı qazansın.