Dörd gecə, final və superfinaldan ibarət, 6-10 fevral aralığında keçirilən İtaliyanın, o cümlədən Avroviziya camiəsinin ən həyəcanlı şousu 2024 Sanremo Musiqi Festivalı yekunlaşıb. Sanremo Musiqi Festivalının 2024-cü il buraxılışı İtaliyanın ictimai yayım hüququna malik RAI tərəfindən təşkil edilən Liquriya əyalətinin Sanremo şəhərindəki Ariston Teatrında baş tutub. Müsabiqənin bədii rəhbəri və aparıcısı ardıcıl beşinci və sonuncu il Amadeus olub. Müsabiqədə çıxış edən iştirakçı sayının 28-dən 30-a qaldırılması “Sanremo”nun fanat ordusuna təqdim etdiyi yeniliklərdən biri kimi qeydə alınıb. Aralarında Zlatan İbrahimoviç, Stefano Massini kimi çox sevilən şəxslərin də yer aldığı xüsusi qonaqlar yarışmaya daha da rəng qatıb.

10 fevral gecəsi keçirilən möhtəşəm final iki raundda baş tutub. 30 aktın yekun təkrarı zamanı ictimaiyyət öz favoritlərinə bir daha səs vermək şansı əldə edib. Final səsverməsinin nəticələri bütün həftənin toplanmış xalları ilə birləşdirilib və ilin ən yaxşı beş mahnısını açıqlayan yeni bir sıralamanın meydana gəlməsi ilə ən yüksək səs toplamış beş çıxış superfinala yüksəlib. Superfinalda səsvermə sayğacı sıfıra endirilərək, tamaşaçılara səs vermək üçün yeni fürsət verilib. Xalq səsverməsinin üstünlük təşkil etdiyi (34%), radio yayımçılarından (33%) və mətbuat mənsublarından ibarət digər münsiflər heyətinin (33%) səs verdiyi gecə Ancelina Manqonun “La noia” adlı çıxışının qalibiyyəti ilə nəticələnib.

Qeyd edək ki, müsabiqənin 74-cü buraxılışının aparıcıları Amadeus və Marko Menqoni (ilk gecə), Corca (ikinci gecə), Tereza Mannino (üçüncü gecə), Lorella Kuçarini (dördüncü gecə) və Rozario Fiorello (beşinci gecə) olub.