Bir neçə ay öncə “INFE Azərbaycan”ın 10 yaşını qeyd etdiyimiz “Salaam Cinema Baku” bu dəfə ölkənin Avroviziya ulduzları ilə yanaşı 2024 Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi təmsil etməyə namizəd şəxslər, eləcə də digər populyar simaları bir araya gətirəcək. Gecənin təşkilatçıları isə son illərdə yetərincə populyarlaşmış “Mamagama” qrupudur.

Onlar 17 fevral saat 19:00-da “Salaam Cinema Baku”-da “7th Apartment” adlı gecədə unikal atmosfer yaratmağa çalışacaq. Gecənin qonaqları arasında 2011 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov, 2023 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçiləri “TuralTuranX”, 2024 Avroviziya Mahnı Müsabiqəsində ölkə təmsilçimiz olmağın bir addımlığında olan Qorqud, “Fahree” və “Səs Azərbaycan”ın ulduzu “Mado Salikh”-lə yanaşı “Edgar Ravin”, “ArazOzarA”, Uolter Ston, Rüfət Babayev, Rüfət Əliyev, “Sarah KeepitOk”, “Humbatli” və “Chihuahua” da səhnə alacaq.

Yeni səslər və imkanları dəyərləndirərək ölkənin musiqi sənayesinin yeni ulduzlarını izləyə, eyni zamanda qarşıdakı illərdə potensial Avroviziya təmsilçimizlə də tanış ola bilərsiniz.

Biletlərin qiyməti 15 manatdır və “Salaam Cinema Baku”-da qapıda da ödəniş edə bilərsiniz. Narahat olmayın, yerlər hər kəsə çatacaq!