İctimai Televiziya və Radio Yayımları Şirkəti “Səs Azərbaycan” layihəsində yeni seçim mərhələsinin anonsunu edib. Həmçinin kanal yeni mövsümün daha fərqli formatda olacağını açıqlayıb. Belə ki, bu il yarışmada səslənəcək mahnılar doğma nəğmələr olacaq. Açıqlamaya əsasən, milli mahnılarımızı ifa edən və 16-60 yaş arasında olan səs sahibləri seçimlərdə iştirak edə bilər.

Seçimlər 4 iyul Ağdam, 5 iyul Gəncə, 6 iyul Şəki, 7 iyul Şamaxı, 8 iyul Xaçmaz, 9 iyul Lənkəran və 16-17 iyulda Bakıda baş tutacaq.

Ötən il “Səs Azərbaycan” layihəsinin qalibi Nadir Rüstəmli ölkəmizi Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdi. Bu səbəbdən də bu il İctimai Kanal tərəfindən layihədə belə bir dəyişikliyin edilməsi gələn il ölkəmizin etnik çalarları olan mahnı ilə Avropanın böyük səhnəsində təmsil olunması ümidlərini artırır.

Qeyd edək ki, INFE Azərbaycan bu mövzunu hər zaman diqqətinə saxlayaraq məsul şəxslərə etirazlarını bildirib. Ötən ay başlatdığımız etirazın əsası da məhz bu mövzu əsasında idi.