2024 Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi təmsil etməyə namizəd gənc istedadları sizə tanıtdığımız bu yazı silsiləsinin növbəti qonağı Səbinə Quluzadədir.

2001-ci ildə paytaxt Bakıda dünyaya göz açan Səbinənin incəsənətə marağı uşaq yaşlarından başlayıb. Hələ kiçik yaşlarında rəqslə məşğul olmağa başlayan Səbinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu  fakültəsinindən məzun olub.

7 yaşından bəri Avroviziya Mahnı Müsabiqəsi izləyicisi olan Səbinə üçün bu səhnəni fəth etmək elə onun ən böyük arzusunun gerçəkləşməsi deməkdir. Gənc müğənni Avroviziya Mahnı Müsabiqəsi ilə əlaqədar sərgüzəştlərindən komandamıza verdiyi açıqlamada belə bəhs edir:

Avroviziya Mahnı Müsabiqəsi mənim üçün yeni bir başlanğıcdır. Daha əvvəl  istəsəm də, buna  cəhd etməmişəm. Digər beynəlxalq müsabiqələrdə iştirak edib təcrübə qazanmağa fokuslanmışam. Azərbaycan bu yarışmada iştirak etdiyi gündən bəri ən böyük arzum bu səhnədə iştirak olub. Yəqin ki, daha sonra dünya səhnəsini fəth etməyə çalışacam.

Xatırladaq ki, Sabina İctimai Televiziyanın məşhur lahiyəsi “Səs Azərbaycan”ın finalisti olub və Belarusda baş tutan beynəlxalq Vitebsk festivalından ölkəyə fəxri fərman ilə geri qayıdıb.

Səbinənin digər iştirakçılar barədə düşüncələri isə bu şəkildədir:

Mən deməzdim ki, onlar mənim rəqibimdir. Onlara dostlarım deməyi üstün tuturam. Hamısını sevirəm, uğurlar diləyirəm hər birinə.

Müğənni ölkəmizin ötən illərdə olan çıxışlarını isə özünə məxsus və gözəl adlandırır. Ümumi olaraq isə Avroviziya Mahnı Müsabiqəsində yarışan digər ifalar ilə bağlı fikirlərimi sizinlə bölüşərsəm:

Nəzərə alsaq ki, uzun illərdir Avroviziya Mahnı Müsabiqəsini izləyirəm, favoritlər çoxdur. Seçmək çətindir. Lakin Lorin və onun  unudulmaz “Euphoria” mahnısını xüsusi vurğulamaq istəyirəm. Lorin mənə ilham olan sənətçilərdən biridir.

Mahnısı barədə isə müğənni belə danışır:

Mahnı öz bəstəm olmasa da, ruhuma çox yaxındır. İnsanın özü ilə daxili konfliktlərindən bəhs edir.

Ötən günlərdə Səbinənin ifa edəcəyi mahnının bəstəkarının isveçli olduğunu sizə çatdırmışdıq. Müğənni açıqlamada milli seçim mərhələsində bir yerli iki isveçli bəstəkarların hazırladığı üç fərqli mahnı ilə iştirak etdiyini, lakin seçilən mahnının müəlliflərinin isveçli olduğunu bildirmişdi.

Bir məlumatı da nəzərinizə çatdıraq ki, Azərbaycana uğur gətirən və yarışmanı ilk beş sırada tamamlayan bütün mahnıların müəllifləri fərqli ölkələrə mənsub bəstəkarlardır.

Komandamız adından Səbinəyə bu yolda uğur arzu edirik!