Bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də hər il Avroviziyada ölkəmizi kimin təmsil edəcəyi ilə bağlı sual geniş müzakirələrə səbəb olur. Xalq arasında bir neçə ad var ki, bu yarışmada bizi təmsil etməli olduqları tez-tez dilə gətirilir, bunlardan biri də gənclərin sevərək dinlədiyi Raufdur. Raufun Avroviziya ilə bağlı düşüncələrini dilə gətirdiyi “INFE Azərbaycan”a verdiyi müsahibəyə keçməzdən qabaq bir çoxlarımıza tanış olan sənətçinin keçdiyi yola gəlin qısa bir nəzər salaq.

İlk sinqlı “-40” ilə musiqi sənayemizə qarşısı alınmaz bir coşqu ilə daxil olan Rauf elə ilk zamanlardan həm xarizmatik xarici görünüşü, fərqli tərzi və ifası ilə digər sənətçilərdən seçilməyi bacardı. Bəlkə də hələ erkən yaşlarından aldığı 5 illik fortepiano təhsili, yəni gördüyü işi mətbəxindən bilməsi və maraqlı personası onu ağıllarda qalan etdi və müxtəlif illərdə yayımlanan “Limonlu çay”, “H2O”, Leyla Əliyevanın sözlərinə bəstələnən “Gedim bir az ağlayım”, “JARA” festivalında maraq doğuran çıxışı, Azərbaycanın məşhur simalarından Aygün Kazımova ilə “Yaraşdın mənə”, “Aya”, tanınmış bəstəkar Aygün Səmədzadənin “Gəl danışaq” mahnısı, Röya ilə “Olar” kimi duetlər onu göstərdi ki, Raufun yerini kiməsə vermək kimi bir niyyəti qətiyyən yoxdur. Hətta qardaş ölkə Türkiyənin ən məşhur simalarından Cem Yılmaz da Raufun sənətinə biganə qala bilməyib şəxsi “Twitter” (indiki “X”) hesabında “-40°” mahnısını paylaşmışdı.

Son vaxtlarda isə Rauf yenidən gündəmə gəldi, ancaq bu dəfə ifası ilə deyil, maraqlı addımı ilə. Gəlin ifaçının fikirlərini məhz “INFE Azərbaycan” üçün verdiyi müsahibədən öyrənməyə çalışaq.

  1. Son illərdə Azərbaycan Avroviziya müsabiqəsində ürəkaçan nəticələr əldə etmir. Bəs Raufa daha uğurlu nəticə qazandıracaq bacarıq və planları hansılardır?

— Nəticədən asılı olmayaraq, ölkəmizi təmsil edən bütün iştirakçılar kifayət qədər maraqlı və istedadlı ifaçılardır. Ölkəmizin bu baxımdan əvəzsiz və möhtəşəm ölkədir. Mən isə ifaçı kimi yox, bir savadlı şəxs, bir alim qismində təmsil edəcəm. Bizim taktikamız budur.

  1. Müsabiqədə bizi təmsil edəcək mahnını solo, yoxsa komanda işi halında hazırlamağı düşünürsüz?

— Avroviziyanın ölkəmizdəki münsiflər heyətində yetəri qədər istedadlı və savadlı dostlarımız var. Hətta belə deyə bilərəm ki, bizdən yaşca böyük, illərin sənət təcrübəsinə malik mədəniyyət xadimləri var. Əlbəttə onlardan məsləhət almaq və bir çox mənada öyrənmək lazımdır. Həmçinin “Güc birlikdədir” sözünə də inanıram. Dediyim şəxslər yerində qalmaqla, bir neçə şəxsi də cəlb edərək komandanı daha da möhkəmləndirmək olar.

  1. Müsabiqəni ilk 4-lükdə bitirəcəyinizə güclü inamınız olduğunu görürürük. Bu qədər inamlı olmağınızın səbəbi nədir?

— Xahiş edirəm, ən pis halda 2-ci yer!

Raufun Avroviziya ilə bağlı fikirlərindəki əminliyi onun müsabiqədə daha əvvəl görmədiyimiz yeniliklər edəcəyi ilə bağlı heç bir şübhə yaratmır. Bizə isə, dəyərli oxuyucular, sadəcə izləmək və Raufun bu özündən əminliklə dolu fikirləri ilə Azərbaycanı təmsil edəcəyi günləri gözləmək qalır.