Zaqatalalı qardaşlarımız TuralTuranX bu gün Liverpulda “M&S Bank Arena”-da ilk məşqlərini etdilər.

“Odlar Yurdu təmsilçisi” olaraq Turan öz saçlarını fəda edib. Belə ki, o, siqaret yandırmaq üçün sobaya yaxınlaşarkən laklı saçları od tutmağa başlayıb. Xoşbəxtlikdən ağır bir təhlükə baş verməsə də, Turan əsl təhlükənin siqaret çəkmək olduğunu bildirib.


Mediaya qapalı keçirilən məşq prosesi saat 14:10-da start götürdü.

12-ci nömrə altında çıxış edəcək Tural və Turan qardaşları səhnəyə yaşıl və bənövşəyi tonlarda glamur tərzdə geyimləri ilə çıxaraq 80-ci illərin soft Britaniya rok havasını yaratdılar.

Səhnədə onları müşaiyət edən vokal və rəqqas olmasa da, ürək formasında olan platformanın mərkəzində dayanaraq öz bəstələdikləri “Tell Me More” mahnısını ifa etdilər.

Kamera arxası yayılan görüntülərə əsasən, çıxış ekranlara başlanğıcda ağ və qara rənglərdə əks olunacaq.