Portuqaliyanın milli seçim turu “Festival da Canção” başa çatıb. İki yarımfinal və bir böyük final mərhələsindən ibarət yarışmada ümumilikdə 20 iştirakçı ölkəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparıb. Final mərhələsinə vəsiqə qazanan 12 iştirakçı arasından İolanda “Grito” (Qışqır) adlı mahnısı ilə müsabiqənin qalibi olub.

Portuqaliyanın ictimai kanalı RTP tərəfindən bu il 14 bəstəkar müsabiqəyə mahnı yazmaq üçün dəvət olunub. Digər 6 iştirakçı isə kanala göndərilən 809 mahnı arasından seçilib. Qeyd etmək lazımdır ki, bu il müsabiqənin şərtlərindən biri bəstəkarların öz yazdıqları mahnını ifa etmələri idi.

Böyük final gecəsində həm xalq, həm də münsif səsverməsi festivalın qalibini müəyyənləşdirirdi. Münsif səsverməsinin qalibi olan Iolanda xalq səsverməsindən də 10 xal alaraq 68-ci Avroviziya Mahnı Müsabiqəsində Potuqaliyanı təmsil etmək hüququnu qazanıb.

Həmçinin, “Festival da Canção”-nun 60 illik yubileyi səbəbi ilə ötən illərdə Portuqaliyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş ulduzlar gecədə çıxış edib.

Xatırladaq ki, Portuqaliya 7 may tarixində birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.