Hər keçdiyimiz gün ölkəmizi təmsil etmək üçün mübarizə aparan namizədlər barəsində yeni bir məlumat öyrəndik. Bu gün isə artıq sonuncu namizədlə tanış oluruq. Bizdə bu həyəcanın davam etdiyi günlərdə sizlərə namizədlər barədə daha ətraflı məlumat verməyə və onların heç bilinməyən yönlərini çatdırmağa çalışırıq.

Bu gün bəhs edəcəyimiz namizəd isə, səhnə adı Fahree olan Fəxridir.

Fəxrinin elə adı kimi fəxrli bir keçmişə sahib olduğunu bilirsinizmi? 1995-ci ildə dünyaya gələn gənc istedadın musiqiyə olan marağı elə uşaq yaşlarından başlayıb.

Uşaqlığından söz açmışkən Fəxrinin uşaqlığına dair verdiyi məlumatı sizinlə bölüşək:

Mən gözümü musiqi ilə açmışam, yeməyim, içməyim, ruhumun qidası musiqi olub. Xatırlayıram ki, ilk atdığım addımı valideynimə yox, televiziyada eşitdiyim Almaniyalı qrup olan “Mr. President”in səsləndirdiyi “Coco Jambo” mahnısına tərəf atmışdım.

Rusiyada magistratura səviyyəsində beynəlxalq hüquq fakültəsindən məzun olduqdan sonra doğma vətəninə geri dönən Fəxri üçün hər şey dəyişəcəkdi. İlk addımı isə Vətənə olan borcunu ödəmək olur. 2020-ci ildə hərbi xidmətini tamamladıqdan sonra dünyanı əlinə alan pandemiya Fəxridən də yan keçmir. Amma yaxşı mənada, belə ki, pandemiya zamanı düşünmək üçün yetəri qədər zamanı olur və o müddət ərzində həyatını dəyişdirəcək qərarı verir, uşaqlıqdan bəri marağı olan musiqi sahəsinə giriş etmək.

O günləri Fəxri belə xatırlayır:

Pandemiya mənə bunu öyrətdi ki, həyat çox qısa və sığortasızdır. Bu səbəbdən arzularımıza və xəyallarımıza yetəri qədər zaman ayırmaq lazımdır. Bunları bir kənara atmaq olmazdı.

İlk addımları barəsində isə müğənni bunları bildirib:

Bakının yüksək səviyyəli restoran və klublarında səhnə almışam. “Protwine”da, “NF Close Party”də MC kimi fəaliyyətə başladım. Bu da mənim kariyeramda çox böyük dəyişiklik etdi. “Flamingo Records” studiyası var idi. Orada oturub koverlər qeyd edib “Instagram”da paylaşırdım. Bir müddət sonra artıq gördüm ki, məni yavaş-yavaş tanımağa başlayıblar. Sonrasında isə çıxışlarım artmağa başladı. Restoranlarda çıxış edib bala-bala pul yığıb özümə studiya açdım. Ondan qabaq “Flamingo Records” studiyasındə bütün işlərimi hazırlayırdım. Bir müddət sonra artıq gördüm ki, məni yavaş-yavaş tanımağa başlayıblar.

Həvəskar addımları onu daha böyük işlərə vadar edirdi və Fəxri bilirdi ki bir xəyalı varsa, ona nail olmaldır. Sənəti vasitəsilə qazandığı pullarla öz evində səs yazma studiyası inşa etdi. Müğənni bildirib ki, yerli və xarici məşhurlar burada öz hitlərini yazıblar.

2008-ci ildən Avroviziya Mahnı Müsabiqəsi ilə tanış olan Fəxri üçün Azərbaycanın bütün çıxışları əvəzolunmaz və təkrarsızdır. Onun bu yarışmada ən sevdiyi mahnı isə Ukrayna adına yarışan Camalanın səsləndirdiyi “1944” mahnısı olub.

Fəxri “Avroviziya sənin üçün nə məna kəsb edir sualını isə belə cavablandırıb:

Bu mənim ilk cəhdim idi. Yarışma mənim üçün çox şey kəsb edir. Ən əsası çox böyük bir kütləyə özünü tanıtmağa başlayırsan. Mədəniyyətimizi, istedadımı, öz yaradıcılığımı göstərmək və ölkəmizin, Vətənimizin necə bir istedadlar yetişdirə biləcəyini Avropaya, həmçinin, dünyaya göstərmək imkanıdır. Bizim çox istedadlı gənclərimiz var, onları tək Avropa yox, dünya tanımalıdır.

Avroviziya mahnı müsabiqəsi üçün hazırladığı mahnı haqqında bütün məlumatları sirr olaraq saxlasa da, mahnının öz bəstəsi olduğunu, bir sıra insturmentlərə yer verdiyini. Mahnısına çox inandığını və bu mahnının ölkəmizi təmsil etməyə layiq olduğunu bildirir.

Görünən odur ki, bizim 6 namizəd bir-birləri ilə yaxşı yola gedir və bir çox Avropa ölkəsində şahidi olduğumuz daxili münaqişədən uzaqdırlar.

Fəxri ona yönləndirdiyimiz “rəqiblər barəsində nə düşünürsən” sualını isə pozitiv cavablayıb:

Biz bir millətin insanlarıyıq. Mənim üçün 6-lıqda rəqib yoxdur! Çünki hər kəsi tanıyıram, hər kəslə çox gözəl münasibətim var və nə yalan deyim, kimsə məni rəqib görə bilər, amma mən rəqabət aparmıram. Səbəbi isə bəsitdir. Əgər 6-lığa çıxan iştirakçılar gəlib mənim kimi bu mərhələyə çatıblarsa, deməli, onların səsləri, ifaları, mahnıları güclüdür. Bu da o deməkdir ki, ölkəmizi hər kəs layiqincə təmsil edəcək və kim getsə mən yenə də sevinəcəyəm. Çünki həmkarlarımın istedadına inanıram, həm də ki, ölkəmizin bu qədər gözəl istedad yetişdirdiyi üçün sevinirəm. Bir birimizlə rəqabət aparmaq düzgün deyil.

Gənclərə ibrət olmaq istəyən müğənni hazırda gəlib çatdığı yerə sıfırdan heç bir sponsoru olmadan, öz zəhməti ilə gəldiyini, heç kimin yardımı olmadan və sadəcə özünə olan inamına güvənərək bu yolu qət etdiyini açıqlayıb və inanır ki, özünə olan inamın var olduğu müddətdə ən yüksək zirvəni də fəth edə bilərik.