Bildiyimiz kimi, bu il də Azərbaycan ötən illərdə olduğu kimi daxili seçim turu vasitəsilə öz mahnısını seçdi. Sona qalmağı bacaran 6 namizəd arasında qalib Fəxrinin “Özünlə apar” mahnısı oldu.

Artıq digər beş namizəddən ikisi öz namizəd mahnılarını təqdim etdi. Beləliklə, seçim turuna qatılmış 6 mahnıdan 3-ünü artıq öyrənmiş olduq.

Ölkəmizin Avroviziya 2018 təmsilçisi Aysel Məmmədova özünün “Game of Chess” mahnısını klipi ilə birlikdə ictimaiyyətə təqdim etdi. “BEAT Music” leyblı ilə çalışan müğənniyə mahnını ərsəyə gətirməkdə söz yazarları Leyla Axundova və Ceyhun Bayramlı yardımçı olub. “STKHA” istehsalı olan klipdə musiqi aranjımanı Emin Kərimə, koordinasiya isə Rəsul Hüseynzadəyə məxsusdur.

Digər bir mahnı isə əsas favoritlərindən biri hesab olunan, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədlinin birgə işi nəticəsində ərsəyə gətirilmiş “İnsanlar” mahnısı oldu. Bu mahnı da eynilə “BEAT Music” leyblı ilə hazırlanıb. Adil Rakidi və Tamilla Rzayevanın sözlərinin müəllifi olduğu mahnıda koordinasiya müəllifi yenə də Rəsul Hüseynzadə olub.

Son iki ildə yerli bəstələrin önə çəkilməsi, eləcə də bu il final mərhələsinə yüksələn altı mahnıdan beşinin yerli bəstə olması Azərbaycanda musiqi sektoruna artan marağı göstərir. Yerli bəstələrin sayındakı artım və Azərbaycan dilinin mahnılarda əks olunması, eləcə də xarici bəstəkarlara tələbin azalmasını ümidverici hal kimi dəyərləndirmək olar.