Azərbaycanın son illərdə Avroviziya Mahnı Müsabiqəsinə əvvəlki kimi diqqət yetirməməsi ağıllara bir çox səbəblərlərlə yanaşı həm də maddiyyat probleminin olması fikrini də gətirir.

Bir müddət öncə 2017, 2018 və 2021-ci illərdə Azərbaycan nümayəndə heyətində çalışan Anar Ağakişiyevin “oxu.az” portalına verdiyi müsahibədə komanda haqqında bildirdiyi fikir marağa səbəb olmuşdur:

“Pulumu versələr, təbii ki, stil üzrə məsləhətçi ola bilərdim. Mən hər il orada işləyəndə qonorar alırdım. Son iki ildə qonorarları yetmirdi deyə razılıq vermədim. Bizimkilər düşünürlər ki, pulsuz işləməlisən.”

Ötən il təmsilçilərimiz “TuralTuranX”-in “Tell Me More” klipinin aşağı büdcə ilə çəkilişi, səhnədə demək olar ki, heç bir şounun olmaması müsabiqə üçün ayrılan büdcə haqqında sual yaradır. Qeyd etmək lazımdır ki, hər il Avroviziya üçün xərclənən büdcə bir çox xarici kanal tərəfindən rəsmi şəkildə açıqlansa da, İctimai Televiziya bunu illərdir etmir.

Bir başqa maraqlı məqam isə İctimai Televiziyanın baş direktoru Balakişi Qasımovun “Maska” layihəsi ilə bağlı ünvanlanan suala cavabıdır.
““Maska” layihəsinin ikinci mövsümü olacaqmı?” sualına o cavab olaraq bildirib:

“Azərbaycan teleməkanı üçün bu böyük bir layihədir. Biz bu layəhni həyata keçirmək üçün kanalın demək olar bütün resurslarını mobilizasiya etmişdik. Hətta kanaldan kənar da mütəxəssislər dəvət etmişdik. Əgər bir də bu yükün altına girə bilsək, o imkan bizdə olsa, böyük məmnuniyyətlə bunu edərik. Ancaq tam əminliklə deyə bilmərəm ki, ikinci mövsüm olacaq.”

Qeyd edək ki, vaxtı ilə İctimai Televiziya Safurə Əlizadənin Avroviziya mahnısını 70 milyon insana çatdırmaq üçün İsveçin reklam şirkəti “Zapfire Group” ilə birlikdə çalışmışdır.