Ukraynanın bu ilki milli seçim turunda əsas favoritlərdən biri hesab olunan MELOVIN yarışmada səsləndirdiyi “Dreamer”, yəni “Xəyalpərəst” adlanan mahnısının klipini təqdim edib. Eyni gündə həm də 27 yaşını qeyd edən MELOVIN klipdə içində olan xəyalpərəstin doğuşdan etibarən hekayəsini çatdırmaq istədiyini bildirib. Rejissorlar, Pavel Zakrevski və Mariami Poqrebinskinin çəkdiyi klipdə kifayət qədər maraqlı və diqqətçəkən görüntülərə yer verilib. Yaradılışı təsvir etmək və bütün çılpaqlığı ilə çatdırmaq üçün MELOVIN tamamilə soyunmuş formada kamera qarşısına keçib. Görüntülərlə bağlı müğənni aşağıdakı fikirləri səsləndirib:

“Çəkiliş meydançasında ilk dəfə çılpaq idim. Tamamilə çılpaq. Əxlaqi baxımdan öyrəşdiyim bir vəziyyət deyildi, içimdə bir çox ziddiyətlər var idi. Öz içimdə bir mübarizə idi bu və sonunda bu gücü tapdım. Əgər özümə yaradıcı deyirəmsə, bunu etməli idim. Hər şey gerçək idi, 27 il əvvəl olduğu kimi.”

Maraqlı musiqi tembri ilə də diqqət çəkən mahnı, görünür klipinin yaratdığı sensasiyanın kölgəsində qalır. Yenə kliplə bağlı fikirlərini davam etdirən MELOVIN, insanların bu dünyaya parlaqlıq gətirən səmimi xəyalpərəstlər kimi doğulduğunu, inamla pisliklərə qalib gəlinə biləcəyini deyib:

“Ən parlaq halınızla parlayın və heç nədən qorxmayın. Xəyal edin və onları gerçəkləşdirin. Biz qorxu üçün doğulmadıq, biz parlamaq üçün doğulduq. Başqa heç nə.”