Avroviziya Mahnı Müsabiqəsində artıq sadəcə mahnı deyil, həm də mahnının necə təqdim olunması da vacibdir. Səhnədə görüb-görmədiyimiz hər bir xırda detal üçün iştirakçı kanal yüksək məbləğdə pul ödəyir. Bütün bunlar qabaqcadan hazırlanmalı və Avropa Yayım İttifaqına mart ayının ortasına kimi detallı bir şəkildə təqdim olunmalıdır.

Təmsilçimizin adına hələ də aydınlıq gəlməsə də, artıq bəzi detallar yavaş-yavaş gün üzünə çıxır. Danimarkalı rejissor Mads Enqqaard “INFE Azerbaijan”-a verdiyi eksklüziv açıqlamada bu il Azərbaycan nümayəndə heyəti ilə Malmödə olmayacağını bildirib.

Bəs ölkəmizin müsabiqədə səhnə rejissoru kim ola bilər?

Bu suala bizim iki namizədimiz var. Bunlardan ilki rejissor və aparıcı Ranar Musayevdir. Ranar Musayev indiyənə kimi bir çox yerli televiziyalarda layihə rəhbəri, kreativ prodüser kimi çalışmış, hətta 2013 Türkviziya Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur. Ranar sonuncu dəfə Röya Ayxanın Bakı Konqres Mərkəzində baş tutmuş möhtəşəm solo konsert proqramının rejissorluğunu etmişdir.

İkinci ad isə İctimai Televiziyanın son illərdəki ən uğurlu layihəsi, “Maska” şounun quruluşçu rejissoru Yevgeniy Timoxindir. Təcrübəli rejissor həm də Sergey Lazarov, Zlata Ogneviç və “Zveri” kimi bir çox ifaçı ilə də çalışıb. Nəzərə alsaq ki, “Maska” şounun yaradıcı heyəti həm də nümayəndə heyətimizin tərkibində yer alır, o zaman deyə bilərik ki, böyük ehtimal ilə bu iş ukraynalı mütəxəssisə həvalə edilə bilər.