Modanın diyarı olan Milan şəhərində ulduzu parlamış həmyerlimiz Qalib Həsənov təklif gələrsə Azərbaycan nümayəndə heyəti ilə birgə çalışmaq istəyəcəyini söyləyib.

“ACT N1” brendinin qurucularından biri olan Qalib Gürcüstanın Qaracalar kəndində anadan olub. Təhsili üçün getdiyi İtaliyada işini davam etdirib. 2017-ci ildə İtaliyada təşkil olunan gənc brendlərə dəstək üçün keçirilən “Who is the next” yarışmasının qalibi olub. Brend 2018-ci ildən etibarən Milan Moda Həftəsində nümayiş etdirilməyə başlayıb.

Qalib yaratdığı tərzləri sadəcə geyim adlandırmır. Bunu sosial ünsiyyət vasitəsi və uşaqlıq xatirələri olaraq adlandırır. Onu çinli həmkarı ilə birləşdirən hər ikisinin də fərqli mədəniyyətdə doğulub böyüdüyü nüansı var. Onlar brendlərində bunun gözəlliklərini nümayiş etdirməyə çalışırlar.

Qalib öz multi-etnik brendlərində çox satış gəliri gətirməsə belə, mədəniyyətimizi təbliğ etmək üçün Azərbaycan xalçalarının motivlərini istifadə etməyi üstün tutur.

Tanınmış moda dizayneri daha əvvəl Dua Lipa, Zara Larsson, Beyonce, Lady Gaga və Lizo kimi məşhur ulduzlara çalışıb.

INFE Azerbaijan ilə müzakirədə Qalib deyir:
“Çalışaq özümüz Azərbaycanı layiqincə təmsil edək.”
O, həmçinin Azərbaycan nümayəndə heyətindən təklif gələrsə sevərək qəbul edəcəyini bildirib.

Yerli komandanın qurulması vacib və gecikmiş addımdır. Lakin, bu komandanın peşəkar olması bir o qədər də önəmlidir. Ölkəmizdə kifayət qədər öz işində təcrübəli insanlar olsa da təəssüf ki, çox zaman kənarda qalırlar.