2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri olan Nərgiz Birk-Petersen ilə söhbətimizdə o, bizim suallarımızı cavabsız qoymadı.
Avroviziya Mahnı Müsabiqəsinin aparıcılığına necə gəldiyinizi bizimlə bölüşə bilərsinizmi?
Mən Azərbayanın ilk müstəqil televiziyalarının birində aparıcı və jurnalist kimi çalışmışam. Tələbəlik illərimdə Amerika Birləşmiş Ştatlarında model kimi fəaliyyət göstərmişəm. Bu səbəbdən də kameralar qarşısında təcrübəm var idi. Eurovision Azərbaycanda keçirilən zaman maraqlanırdım ki, şounun aparıcıları kim olacaq. Dostlarımdan soruşurdum, araşdırırdım. Sonra bazar ertəsi günü mənə zəng gəldi ki, çərşənbə günü Bakıda kastinq keçiriləcək. Düşündüm ki, bu, mənim üçün bir şansdır. Beləliklə, mən Danimarkadan Bakıya gəldim və kastinqdə iştirak etdim. Biz artıq təlimlərdə iştirak etməyə başlasaq da, bizə yenə də cavab deyilmirdi. Nəticədən əmin ola bilmədiyimiz üçün də heç kimə bu barədə məlumat verə bilmirdik. Təlim üçün getdiyimiz Almaniyadan Bakıya qayıtdığımız təyarrə enən an mənə birdən zənglər, təbriklər gəlməyə başladı.
Müsabiqənin aparıcılığını etmək təcrübənizi necə xatırlayırsınız? Buna neçə ay hazırlaşmısınız? Şounun arxasında duran şəxslər kimlər idi? Avroviziya təqdimatını etməyin ən çətin tərəfi nə idi? Digər aparıcılardan dəstək almısınız və ya hər hansı təlimdə iştirak etmisiniz?
Almaniyada təlimdə fotosessiya zamanı mən hüquqşünas olduğum üçün şəkillərdə həmişə ciddi dururdum. Orada mənə məsləhət verilirdi ki, sən ev sahibisən, qonağını belə ciddi qarşılamaq istəyərsən? Güləriz olmalısan. Sənin aparıcı olaraq şouya təsir dərəcən azdır. Müsabiqə sənin yox, ifalar və ifaçılar haqqındadır. Bu sözlər mənə çox kömək oldu. Şounun ssenarisi də almanlar tərəfindən yazılırdı. Alman dilindən ingilis dilinə tərcümə olunmuş mətndə səhvlər olurdu. Doğma dilim olmasa da, mətnin bəzi hissələrinin səhv olduğunu vurğulayırdım. Mənə “sən bilməzsən” deyilsə də bunun arxasınca düşürdüm. Hətta ingilis və irlandiyalı operatorlara hansı daha yaxşı və düzgün səslənir deyə sual verirdik. Və həmişə də mən dediyim doğru olurdu. Böyük ehtimal ki, mənim aparıcı seçilməyimin səbəbi də səlis ingilis dili danışığım olub.

Sizcə, Avroviziyanın mədəni əlaqələrdə əhəmiyyəti nədir?
Avroviziya tamamilə ayrı bir dünyadır. Hər kəs fərqli ölkədən, mədəniyyətdən gəlir və bir-birinə hörmət edir. Düşünürəm ki, bu çox dəyərlidir.
Sülh quruculuğunda Avroviziya platformasından necə istifadə edə bilərik?
Düşünmürəm ki, Ermənistan və Azərbaycanın sülhü ilə bağlı Avroviziya doğru bir platforma olsun. Hər nə qədər Uşaq Avroviziyasında uşaqların bir-biri ilə əlaqəsi kəskin pis olmasa da, biz bunu böyük Avroviziyada görə bilmirik.
Builki müsabiqədə favoritləriniz varmı? 2012-ci ildə də Bakıda iştirak edən İsveç və Moldova təmsilçiləri ilə bağlı maraqlı hekayələriniz varmı?
Bu ilki mahnıların hamısını dinləməmişəm. Dinlədiklərim arasında Lorinin ifasını bəyəndim. Xatırlayıram ki, 2012-ci ildə o qalib olarkən səhnəyə onu mən aparmışdım. Hətta ikimizin də geyimi qara rəngdə idi. Amma yenə də bu il favoritim Azərbaycandır. Mənə görə TuralTuranX və “Tell Me More” Azərbaycanın ən yaxşı çıxışıdır. Onlar səhnəyə çox yaraşırlar və çox şirindirlər. Geyimlərinə gəldikdə isə, bu işlə məşğul olan bir komanda var. Onların seçimidir. Ümumiyyətlə, sosial şəbəkələrdə pis rəy yazmaq təmsilçiyə mənfi təsir edir. Biz Avroviziyada aparıcı olduğumuz zaman neqativ rəylər bizə psixoloji təsir etməsin deyə bizi oteldə, tanışlarımızdan uzaq saxlayırdılar. Xatırlayıram ki, bir dəfə məşqdə geyindiyim bir paltar haqqında mənfi rəy almışdım və bu mənə həqiqətən pis təsir etmişdi.
Şəkil: Amerikanın Səsi