Azərbaycan səhnəsinin parlaq siması AISEL, Avropa səhnəsini yenidən fəth etməyə hazırlaşır, özü də böyük sürprizlərlə…

Gəlin hər şeydən əvvəl AISEL-in 2018-ci ilə, Lissabona qədər ki həyat və sənət yoluna kiçik bir nəzər yetirək.

Sovet Bakısının son illərini yaşadığı 1989-cu ildə, bir yay günündə doğulan Aysel kiçik barmaqlarını fortepiano ilə hələ kiçik yaşlarından tanış etmişdi. Onun bu məharətini görən, özləri də musiqiçi olan ailəsi Ayselə dəstək olur. Bu sahədə peşakarlaşmağı hədəf seçən kiçik Aysel Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olunur və daha sonra Bakı Musiqi Akademiyasının klassik fortepiano fakültəsininin tələbəsi adını qazanaraq təhsil həyatını davam etdirir. Həmçinin özünü sadəcə klassik pianoçu kimi inkişaf etdirməklə kifayətlənmir, jazz kimi mürəkkəb bir janrla ilə özünü sınayır. Gələcəyin müğənnisi, o dövrlərin pianoçusu olan sənətçi bu illər ərzində həmyaşıdlarını qabaqlayaraq “Caspian Jazz & Blues Festival”, “Bakı Beynəlxalq Caz Festivalı”, “MuzEnergo Festival of Music Improvisation”, “Montro Caz Festivalı” kimi böyük tədbirlərdə dəfələrlə iştirak edir və musiqi səhnəsininin nəhəngləri ilə yeniyetmə yaşlarından tanış olur.

Önünə çıxdığı geniş auditoriyalar, möhtəşəm festivallarda qazandığı təcrübə ona özünü səhnələrə tam hazır hiss etməyə güc verir. Gürcüstanın paytaxtı Tiflisdə baş tutan və bir çox azərbaycanlı musiqiçinin yanı sıra gürcü, alman, erməni və avstriyalı musqiçilərin səhnə alacağı sayca 3-cü “Qafqaz caz festivalı 2012” də Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Aysel ilk beynəlxalq səhnə təcrübəsini qazanır. Gürcüstan Aysel üçün ilk olsa da, o ardınca Rusiya, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada bir çox məşhur təbdirlərin əvəz olunmaz qonağı idi. 2013 və 2015-ci illərdə o artıq beynəlxalq arenada tanınmış bir sima oldu və Aleksandr Koppaloni, Debora Karterden özəl musiqi dərsləri alaraq öz bacarıqlarını inkişaf etdirməyi bacardı. Bu andan sonra Aysel üçün “dayanmaq” olmazdı. Amma hələ də, əsgik olan nə isə var idi. Axı onu çox insan hələ də kəşf etməmişdi. 2017-ci ildə qatılacağı ənənəvi “Jara festivalı” Aysel üçün dönüm nöqtəsi olacaqdı. Beləliklə, o yerli media tərəfindəndə yetərincə kəşf edilmiş oldu. Təqvimlər 8 Noyabr 2017-ci ilə çatanda isə, hər bir yerli media mərkəzi o xəbəri paylaşdı. Azərbaycanı Portuqaliyanın paytaxtı Lizbon şəhərində keçiriləcək olan Avroviziya Mahnı Müsabiqəsində “AISEL” səhnə ləqəbli Aysəl Məmmədova təmsil edəcəkdi. Artıq bu qızı nəinki Azərbaycan hətta bütün Avropa tanımağa başladı.


2018-ci ilin mart ayının 4-də musiqi platformaları Ayselin avropaya qapı açan “X My Heart” mahnısını paylaşdı. Mahnı yunan bəstəkar Dimitris Kantopulos, ilə isveçli bəstəkar Sandra Byurmanın və ingilis bəstakarı Tim Branın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Fəaliyyətinə Caz-Soul janrında başlayan və bu sahədə dəfələrlə mükafat qazanan Ayselin tempinə janrına çox uzaq olan “X My Heart” fərqli və riskli addım idi. Onun öz “doğma” janrından uzaqlaşması, yad akordlara məcburi şəkildə köklənməyə məcbur edilməsi elə ona ilk uğursuzluğunu gətirdi. Bu həm də Azərbaycanın Avroviziya tarixində finala yüksələ bilmədiyi ilk çıxış oldu. Daha sonra AISEL bu çıxış barədə belə bir açıqlama gətirdi:

Mən bu nəticəni öncədən hiss edirdim. Dostlarım məni buna görə paranoik adlandırırdılar, ancaq mahnı meynstrim pop janrında olduğundan özümlə bağlantı görə bilmirdim. Komandamız gözəl olsa da, yazılan əsər mənim janrıma çox uzaq idi və mən o zaman da, indi də özümü mahnıda harmoniyada hiss edə bilmirəm.

Aysel müsabiqə üçün bir neçə mahnı təqdim etsə də, həm aranjmanların tam hazır olmaması, həm də müsabiqənin janrı üçün uyğun hesab edilmədiyindən seçimdən kənarda qalır.

Mahnısında “and içirəm ki, alovlu divarlardan keçib mərmilərdən daha güclü olacağam” deyən Aysel üçün bu son deyildi, o nəbzi tutmağı bacarmalı idi, axı bütün avropanın qarşısında buna söz vermişdi.

Müsabiqədən sonra təkrarlanmağı sevməyən, yeniliyə daim hazır və açıq olan Aysel daha çox doğma dildə nəğmələr səsləndirməyə başlayır və “Sevirəm”, “Demə mən neyləyim” kimi mahnılar ona başqa bir kütlənin sevgisini və dəstəyini qazandırır. Yenə də kifayətlənməyən Aysel bu dövrdə “Pure Noise”, “Impavide”, “Obsessions” EP-lərini dinləyicilərinə təqdim edir. “Fomula 1” Azərbaycan kimi beynəlxalq yarışmanın açılış mərasimində dövlət himnimizi ifa etməsi, “Şuşa” musiqili qrafik layihəsi, 2-ci Qarabağ Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olmuş uşaqlar üçün Alim Qasımovla ifa etdiyi “Yat rahat” kimi yaddaşlarda qalan işləri ilə Aysel, özünə çoxşaxəli sənət yolu cızır.

3 mart 2023-cü ildə biz artıq yeni bir AISEL ilə qarşılaşacaqdıq. “ON” adını verdiyi studio albomunu təqdim edən müğənni, bu albomda bir çox pop janrında mahnılara üstünlük vermiş və öz tərzini zamana uyğunlaşdıra bilmişdi. Onu da qeyd etmək lazımdır ki, albom təqdim edildiyi gündən “Apple Music Azerbaijan Top 100” albom çartında 1-ci olmuşdur və 22 həftə “Apple Music Azerbaijan Top 100” albom çartında qalmışdır. Yeni albomunun təqdimatından beş gün sonra “Elektra Events Hall”da səhnə alaraq yeni mahnılarını sevənləri ilə bölüşdü.

Gənc yaşında dəfələrlə uğur əldə etmiş Ayselin yarımçıq qalmış bir işi var idi, yenidən bu səfər isə özünü ən gözəl ifadə edə bildiyi şəkildə və janrda Avroviziya Mahnı Müsabiqəsinə qatılmaq. Biz artıq ötən günlərdə Ayseli İctimia Televizyanın Avroviziya Mahnı Müsabiqəsi-2024 üçün keçirilən daxili seçim turunda gördük. O, 214 iştirakının mübarizəsində finala qalan 16 namizəd arasında yer alırdı.

Hətta yunan musiqiçisi İlias Kokotus Aysel üçün xoş vədlər verib. İlias INFE Azərbaycana xüsusi açıqlamasında bildirib ki:

Düşünürəm ki, AISEL Azərbaycanı heç vaxt hazır olmadığı qədər təmsil etməyə hazırdır. O, çox gözəl səsə sahib isdedadlı bir ifaçıdır və özünü bu illərdə inamlı və səhnə təcrübəsinə malik ifaçı kimi inkişaf etdirməyi bacarıb.

Fikrimcə beş il əvvəl əldə etdiyi o möhtəşəm fürsətdən məhdud səbəblər nəticəsində yararlana bilməyən Ayselə bu səhnə üçün ikinci bir şans verilməlidir. Ayselin öz üzərində çox çalışıdığı və sənətini Azərbaycan sərhədlərindən o tərəfədə daşımaq istəyi, onun avropa tamaşaçısı tərəfindəndə yüksək xalla dəyərləndirəcəyinə inanıram.

“AISEL”i Avroviziya Mahnı Müsabiqəsi səhnəsində görəcəyikmi bunu növbəti aylarda biləcəyik, amma bildiyimiz bir şey var ki, Aysel and içdi və bacardı.