Bir həftədir davam edən və İspaniyanın 2024 Avroviziya Mahnı Müsabiqəsində namizədini müəyyənləşdirən “Benidorm Fest” ötən gecə yekunlaşdı. Əsas favoritlərdən biri olan və ölkəni təmsil edəcəyi bəziləri üçün çoxdan təsdiqlənən “Nebulossa” “Zorra” mahnısı ilə Avroviziyaya qatılmağa haqq qazandı. 20 illik evliliklərini Avroviziya ilə taclandıracaq 57 yaşlı Mariya Bas və 49 yaşlı Mark Dasousa cütlüyü öncəki müsahibələrində bu müsabiqənin onların sevgi hekayəsinin ən unudulmaz parçası olacağını, sevgilərinin gücünün bu ümidi gerçəkləşdirəcəyinə inandıqlarını söyləmişdilər. Ümidlər gerçəyə çevrildi!

Gəlin finalda nələrin baş verdiyinə qısaca nəzər yetirək:

İki yarımfinaldan seçilən 8 namizədin mübarizə apardığı finalın aparıcıları İspaniyanı 2014-cü ildə Danimarkada keçirilən müsabiqədə təmsil edən Rut Lorenzo və televiziyanın məşhur simaları Mark.Kaldero və Ana Prada oldu. Müsabiqə iştirakçıların topladığı xallar 50% peşəkar münsiflər heyətinin, 25% seçilmiş İspaniya əhalisinin müxtəlix qisimlərini təmsil edən şəxslərin, digər 25% isə izləyicilərin səsləri əsasında formalaşdı. Münsiflər heyətinin səsverməsinə əsasən “St. Pedro” 86 xalla ən yüksək nəticəni əldə etsə də, izləyicilərin səslərinin də toplanması ilə “Nebulossa” Malmöyə bileti qazandı. Əsas favoritlərdən biri olan “St. Pedro” 139 xalla 2-ci yeri qazanarkən, bir digər favorit Angi 128 xalla 3-cü yerlə kifayətlənib.

“Nebulossa” cütlüyünün sevgisinin gücünün Avroviziyada nə dərəcədə köməklərinə çatacağını isə yalnız may ayında görə biləcəyik.