Avroviziya fanatlarına doğma olan ad — Dadi Freyr hər il 400.000-dən çox insanın qatıldığı festivalda çıxış edəcək. Avroviziya səhnəsinə çıxmağa belə imkan tapa bilməyən İslandiyanın Avroviziya təmsilçiləri Dadi & “Gagnamagnið” dünyaya səs salmağa davam edir. Byorkun vətənindən olan qrupun solisti Amerikanın və eləcə də dünyanın ən böyük musiqi festivallarından olan “Lollapalooza”-da çıxış edəcək. Görünür Dadinin son illər əldə etdiyi ağlasığmaz uğurları onun belə mötəbər festivala dəvət almasına zəmin yaradıb. Dadi özünün elektronik musiqi janrında yazdığı populyar mahnılarını bu səhnədə səsləndirək.

Dadi Freyr İslandiyanı 2020 və 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə keçirilməsi planlaşdırılan müsabiqə ləğv edilsə də, onların mahnısı viral olmağı bacarmışdır. 2021-ci ildə keçirilmiş müsabiqədə isə qrup üzvlərinin birinin COVID-19-a yoluxması səbəbindən Rotterdam səhnəsində çıxış edə bilməmişdilər.

Qeyd edək ki, Dadi festival səhnəsini “SZA”, “Tyler The Creator”, “Blink-182”, “The Killers”, “Future”, “Metro Boomin”, “Hozier”, “Stray Kids”, Melani Martines və “Skrillex” kimi dünya ulduzları ilə paylaşacaq.

“Lollapalooza” 1991-ci ildə “Jane’s Addiction” qrupunun solisti Perri Farrell tərəfindən təsis edilmiş məşhur illik musiqi festivalıdır. Festival rok, hip-hop, elektronik və s. daxil olmaqla, fərqli janrlardan çalışan müxtəlif sənətçiləri özündə birləşdirir. İlk öncə bir tur festivalı olsa da, daha sonralar hər il kütləvi izdihamı cəlb etməyi bacarır və Çikaqonun Qrant parkında təşkil edilir. “Lollapalooza” eləcə də Braziliya, Almaniya, Argentina, İsveç və Fransa kimi ölkələrdə qlobal miqyasda populyarlaşmış festivaldır. Festival təkcə musiqisi ilə deyil, həmçinin canlı atmosferi və musiqi festivalları dünyasında mədəni əhəmiyyəti ilə hər il qeyd olunur.

Son illərdə “Lollapalooza” davamlı inkişaf təşəbbüslərinə getdikcə daha çox üstünlük verir, ətraf mühitə mənfi təsirləri azaltmaq üçün kompostlaşdırma, təkrar emal və ictimai nəqliyyatdan istifadəni təşviq etmək kimi tədbirlər həyata keçirir. Festival həm də inkişaf etməkdə olan sənətçilərin tanıdılması və musiqi sənayesində müxtəlifliyin təşviqi üçün platformaya çevrilib, “Lolla2020” virtual festivalı kimi təşəbbüslər gələcək istedadların kəşf edilməsi üçün mühüm rol oynayıb. Tədbir həmçinin müxtəlif xeyriyyə təşkilatları ilə əməkdaşlıq edərək təhsil, səhiyyə və sosial ədalət kimi mühüm məsələlər üçün vəsait toplayır və maarifləndirmə işi aparır.

Biletlərin birinci satışı cümə axşamı saat 10:00-dan 12:00-a qədər “lollapalooza.com” saytında baş tutacaq.