Müsabiqədəki nümayəndə heyətimizdə baş verən dəyişikliklər ilə bağlı məlumatlar durmadan yenilənir.

Nümayəndə heyətimizin rəhbərinin klubumuza verdiyi məlumata görə Azərbaycanın bu ilki Avroviziya komandasında məşhur bəstəkarı və musiqi prodüseri İsa Məlikov da yer alıb.

Azərbaycanın Avroviziya mahnı müsabiqəsi 2017 mahnımız “Skeletons” və Uşaq Avroviziya mahnı müsabiqəsi 2018 mahnımız “I Wanna Be Like You”nun bəstəkarı İsa Məlikov Azərbaycanın Avroviziya 2019 layihəsinin kreativ prodüseridir.


Hüsniyə Məhərrəmova isə nümayəndə heyətimizin rəhbəri olmaqla yanaşı layihənin icraçı prodüser kimi də çalışır.

İSA MƏLİKOV kimdir?

İsa Məlikov 21 oktyabr 1980-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1987-ci ildə 189 saylı orta məktəbə, 1990-cı ildə isə Vaqif Mustafazadə adına 1 saylı musiqi məktəbinə qəbul olunub. Musiqi məktəbini bitirəndən sonra 1995-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə təhsil almağa başlayıb. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub və 2001-ci ildə həmin universiteti xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası üzrə qırmızı diplomla bitirib. 2003-cü idə incəsənət magistri dərəcəsini alıb. 2004-cü ildə Britaniya Bəstəkarlar və Nəğməkar-şairlər Akademiyasının üzvlüyünə qəbul olunub. 2008-ci ildə “Bakı Musiqi Fabriki” prodüser mərkəzini qurub və onun baş prodüseri olub. Onun rəhbərliyi ilə “BMF” prodüser mərkəzinin ilk məhsulu “Avroviziya – 2009” Beynəlxalq mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadədir. 2009-cu ildə Azərbaycanda ilk rəsmi rekord-leybli olan “BMF Records” təşkil edib. Bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. Mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları – Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxan, Elnarə, Elşad Xose, Manana, İradə İbrahimova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.