Bir çox dünya caz ulduzlarının iştirakı ilə 10-15 İyun tarixində  paytaxtımızda 3. dəfə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Baku Summer Jazz Days (Bakı Yay Caz Günləri) keçirilib.

Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzi səhnəsində
Gürcüstanın ən məşhur etno-caz qruplarından “İRİAO”  qrupuda çıxış edib.

Portuqaliyanın Lissabon şəhərində keçirilmiş Avroviziya mahnı müsabiqəsi 2018-də Gürcüstanı təmsil etmiş “İRİAO” qrupu gürcü musiqi folklorunun Quriya vilayətinə məxsus krimançuli ifa ənənəsinin, gürcü xalq çalğı havalarını, eləcə də müasir etno-cazın rəngarəng aləmini bir üslubda qovuşduran nadir heyətlərdən biridir. Qrupun bədii rəhbəri, pianoçu və bəstəkar David Malazoniya, xalq çalğı alətləri ifaçısı Nuqzar Kavtaradze, bas-gitaraçı Şako Gelekva, zərbçi Levan Abşilava heyətin instrumental hissəsini təşkil edir, vokal ifa isə istedadlı müğənnilər üçlüyünə – Buba Murquliya, Mixail Cavaxişvili və Qaqa Abaşidzeyə həvalə olunur. “İRİAO” özünün “Lazuri”, “Old City” kompozisiyalarını, xalq mahnısı “Suliko”, caz standartı “Take 5” və digər bəstələri müxtəlif səs ahəngləri və improvizəli ifalarla təqdim edib. Vaqif Mustafazadənin “Günəş” adlı kompozisiyası onların gözəl ifa etdiyi lirik kompozisiyanın mövzu əsası olub və Bakı dinləyicilərinə dərin ehtiramını gürcü cazmenləri məhz həzin, milli çoxsəsli ifaları ilə ifadə etdiblər.

Mənbə: AzerTag, IRIAO