2013-cü ilin yay aylarında hələ 1 il öncə Avroviziya kimi mötəbər bir müsabiqəyə ev sahibliyi edən ölkə — Azərbaycanın bir qrup gənci müsabiqənin yerli fanatlarını bir araya gətirmək üçün yeni bir fan-klub yaratmaq üçün işlərə başladılar. Onların rəsmi INFE Azərbaycan fan-klubu olaraq tanınmasına hələ aylar var idi.

“International Network of Fanclubs of Eurovision”, qısa adı ilə “INFE Network” Avropa Yayım İttifaqı (AYİ) tərəfindən rəsmi olaraq tanınan klublar şəbəkəsidir biridir. “INFE Network” dünyadakı Avroviziya fanklublarını bir dam altında toplamağı qarşısına məqsəd qoyan təşkilatıdır.

INFE Azərbaycan rəsmi olaraq 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayaraq ötən 10 il ərzində 6 müsabiqədə iştirak etmişdir. Avropanın diqqət mərkəzində olan bir müsabiqənin xəbərlərini ölkə fanatlarına çatdırmaq, eyni zamanda dezinformasiyalarla mübarizə aparmaq komandanın keçdiyi yollarda daha əmin addımlarla irəliləməsinə yol açmışdır. Bu işdə bir digər prinsip isə hər zaman ölkə mənafeyimizi müsabiqədə müdafiə etmək olmuşdur. Artıq mövcud olmayan qondarma respublikanın adının müsabiqənin rəsmi veb səhifəsindən silinməsi məhz belə addımların başında gəlir.
Ötən günlərdə fan-klubun 10 illiyi münasibətilə təşkil olunmuş tədbirdə komandanın bütün bu illərini, gördüyü işləri və əməyini təsvir edən yeni loqosu təqdim edilmişdir. Gəlin loqonun müəllifinin dilindən onun hazırlanma prosesi ilə tanış olaq:

“Mən, Sona Həsənova, INFE Azərbaycan komandasında baş dizaynerəm. INFE Azərbaycan komandası ilə ilk tanışlığım 2 ay öncə baş tutdu. Bu müddət ərzində Avroviziya fanatı olaraq həm onlarla çalışıb, həm də müsabiqənin gedişatını yaxından izləmişəm. İlk tanışlığımızda dizayner olaraq fəaliyyətə başlasam da, hal-hazırda baş dizayner olaraq fəaliyyətimi davam etdirirəm. Bu müddət ərzində INFE Azərbaycanın 10 illik yubileyi münasibətilə loqo rebrendinqi ve yeni stil hazırlamışam. INFE Azərbaycanın 10 illiyi münasibətilə yeni loqonu hazırlayan ilk yerli dizayner olmaq isə ayrıca bir qürurverici hiss idi. Yeni loqonu hazırlayarkən INFE Azərbaycan fan-klub üzvlərini əks etdirən həyəcanverici, şən və dinamik loqo hazırlamağa çalışdım. Loqodakı kvadratların yuxarı-aşağı olması enerjini və dinamikliyi ifadə edir. “INFE” sözünün yerləşdiyi hər kvadrat fərqli rənglərlə ifadə olunur. Buradakı kvadrat forma fərqli ölkələri bildirir. Rənglərin mənası isə “INFE” sözünün açılışına uyğun olaraq (International Network of Fanclubs of Eurovision) mavi və yaşıl birgəliyi və əlaqələri, sarı və qırmızı isə enejini və sevgini ifadə edir. INFE Azərbaycan komandası bütün bu rənglərin birgə təcəssümüdür. Onlar həm enerjili, həm də sevgi doludur. Belə bir komanda ilə işləmək çox xoşdur”.

Komandanın ruhunu, keçmişini təsvir edən bu yeni loqo bəlkə də görəcəyi işlərin bir carçısıdır. INFE Azərbaycan fan-klubu hər zaman olduğu kimi yenə də gəncləri, Avroviziya sevərləri və ölkəsini daima dəstəkləyənləri bir arada toplamağa davam edir. Əsas məqsədimiz isə ölkə musiqisinin tanıdılmasında, sənətçilərimizin böyük səhnələrdə tanınmasına yol açan bu müsabiqəni yerli tamaşaçıya daha da yaxın etmək və musiqi ətrafında hər kəsi həmrəyliyə səsləməkdir.

Gəlin hər il may ayında musiqinin sədaları ətrafında toplaşıb bu bayramı birlikdə qeyd edək. Hər il yenilənərək, hər il öncəkindən daha da güclənərək…