Bildiyiniz kimi, “INFE Azerbaijan” Eurovision fan-klubu son iki ildə ölkənin birinci kanalı İctimai Televiziya və Radio Yayımları Şirkətinə müsabiqəyə olan münasibətini dəyişdirməsi üçün etirazlar etmişdi. Bu etriazlara bizi izləyən, üzvümüz olan və olmayan bir çox insanlar müxtəlif vasitələr ilə dəstək verib.
Etirazlarımızın nəticəsi olaraq, kanal nümayəndələri ilə bir neçə aylıq müzakirələrdən sonra ötən ilin oktyabr ayında görüşə bildik. Ölkəmizdəki fan icmalarının nümayəndələrinin də dəvət olunduğu görüşü İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov idarə etmişdir. Görüş zamanı həmçinin ölkəmizin müsabiqədəki yeni nümayəndə heyəti haqqında məlumatlar verilmişdir. Yeni nümayəndə heyəti rəhbəri Vasif Məmmədov müsabiqənin fanatlarını əmin etdi ki, bu il digər illərdən fərqli olaraq məhz yerli musiqiçilərə üstünlük veriləcək. Bu çıxışını nümayəndə heyəti rəhbərimiz dünən qonağı olduğu “Sabahın xeyir Azərbaycan!” proqramında bir daha təsdiqlədi.
Bəs İctimai TV bu gözləntiləri qarşılaya biləcək?
Dekabr ayının son günü həm də ölkəmizin mahnı qəbulu prosesi üçün son tarix idi. Nümayəndə heyəti rəhbəri Vasif Məmmədovun verdiyi məlumata görə 200-dən çox mahnı seçim üçün kanala göndərilib. Dekabr ayı boyunca biz də yerli bəstəklarla əlaqədə olub onların yeni komandanın verdiyi vədlərdə nə dərəcədə maraqlı olduğunu araşdırmışıq.
Xatırlayırsınızsa səkkiz ay əvvəl İctimai Televiziya və Radio Yayımları Şirkətinə ünvanladığımız müraciətdə çağrışlarımızdan biri aşağıdakı kimi idi:
“Yeni komandaya sadəcə 5 ay deyil, daha çox vaxt verilsin.”
Azərbaycan estrada musiqisinə bir çox xitləri bəxş etmiş, Azərbaycana r&b musiqi janrını gətirənlərdən biri olan İsa Məlikov xaric əvvəlki nümayəndə heyəti rəhbərlərinin heç birinə 5 aydan çox vaxt verilməyib. Təəssüf ki, verilən vaxt incimiş Azərbaycan musiqiçiləri ilə İctimai TV arasında yanmış körpüləri bərpa etmək üçün kifayət deyil. Əgər İctimai Tv həqiqətən də azərbaycanlı musiqiçilərlə işləmək istəyirsə, demək istəyirik ki, onların hazırda izlədikləri yol məhsuldar olmaqla yanaşı, gələcək əsaslı da deyil. Əvvəlki nümayəndə heyətimizin rəhbərləri də yerli musiqiçilərlə işləməkdə maraqlı olduqlarını dəfələrə açıq şəkildə bəyan etmişdilər. Məsələ burasındadır ki, yerli musiqiçilər seçim prosesinə olan bütün inamlarını itiriblər. Onlar inanırlar ki, göndərdikləri mahnılar ən yaxşı belə olsa heç vaxt seçilməyəcək. İctimai TV bu baxış anlayışını dəyişməlidir. Biz komandaya ölkəmizdəki hər bir uğurlu musiqiçiyə dəvət göndərməyi və onları prosesdə iştirak etməyə təşviq etməyi təklif edirik. İctimai Tv-nin belə təcrübəsi var. Hələ 2007-ci ildə Azərbaycan musiqiçiləri ölkəmizin ilk müsabiqə mahnısının yazılması tapşırığını uğurla yerinə yetirə bilmişdilər.
Təəssüf ki, hazırda söhbət etdiyimiz musiqiçilərdən heç birinin İctimai Tv-nin növbəti “Eurovision” mahnımızı axtarmasından belə xəbəri yox idi.
“İTV-yə və bütün iştirakçılara uğurlar, amma inanmıram ki belə bir layihəni azərbaycanlı bəstəkara və ya produserə etibar etsinlər. Mən bildiyimə görə,bu məsələ ilə əlaqədar əsasən xarici expertlər cəlb olunur. Ona görə fikirim yoxdur. Ciddi, səlahiyyətli şəxs bununla əlaqədar mənə müraciyət etsə, əlbəttə konkret təklifim var, amma yenə də inanmıram etibar etsinlər. Təəsüf ki, hələ ki belədir.”
ölkəmizin ilk Eurovision təmsilçisi Samir Cavadzadə, Aygün Kazımova, Röya, Sevda Ələkbərzadə, Rauf Əhmədovun ifa etdiyi bir çox hitin söz və musiqi müəllifi olan Nicat Məlikov sualımıza cavab verib.
Nümayəndə heyəti rəhbərimiz bunu da qeyd edib ki, göndərilən mahnıların əksəriyyəti xarici bəstəkarlara məxsusdur. Təəssüf ki, yeni adların mübarizə apardığımız dəyişiklikləri gətirib gətirməyəcəyinə əmin deyilik. İndi edə biləcəyimiz şey ən yaxşısına ümid etməkdir.