Bildiyimiz kimi, qonşu ölkə Gürcüstan özünün Avroviziya Uşaq Mahnı Müsabiqəsi təmsilçisini ənənəvi olaraq təşkil olunan “Ranina” milli finalı ilə seçir. Artıq son 5 finalçısı məlum olan şounun axırıncı buraxılışında yarışan Anastasiya Vasadze bu mərhələdə məşhur Azərbaycan xalq mahnısını zərifliklə ifa edib. “Ay Laçın” mahnısını məharətlə ifa etməyi bacaran balaca ulduz növbəti mərhələni təmin etməklə yanaşı, eyni zamanda, Azərbaycandan olan izləyicilərin də rəğbətini qazanıb.
Qeyd etmək yerinə düşər ki, Vasadze xalq mahnımızı böyük ustalıqla ifa edib və sözlərin orijinal dildə tələffüzü saxlanılıb.
Qeyd etmək lazımdır ki, ötən il eyni amal üçün düzənlənən “Ranina” milli seçim turunda da Oto Bazeraşvili Polad Bülbüloğlunun repertuarına müraciət etmiş və “Aman, aman, ayrılıq” mahnısı ilə finala qədər irəliləməyi bacarmışdı.
Həmçinin, “Ay Laçın” mahnısı daha öncə “Səs Azərbaycan: Doğma nəğmələr” buraxılışında nigeriyalı Cozef Uvezele Opkamen tərəfindən də ifa edilmişdir.
İndi isə ortaya bir sual çıxır. Xarici sənətçilərin Azərbaycan musiqisinə olan sevgisi nədən qaynaqlanır? Və əgər bizim ana dilimizdə olan musiqilər beynəlxalq kütlə üçün bu qədər xoş avazlıdırsa, nə üçün ölkəmiz hələ də öz dilimizdə olan mahnı ilə müsabiqəyə qatılmaqdan çəkinir?