Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində dünən “Global Music Talks” paneli keçirilib.

Avroviziya iştirakçılarının eksport potensialı və beynəlxalq müsabiqələrin milli musiqi sənayesinə təsiri, müsabiqədə ilk beşliyə daxil olacaq çıxışların sirləri kimi mövzulara toxunulan tədbirdə əsl “Avroviziya adamları” — Norveç nümayəndə heyətinin rəhbəri Stiq Karlsen, Avroviziya hit-meykerləri Dmitris Kontopulos və Toni Kornellisen, uzun illər Azərbaycanın nümayəndə heyətinin keçmiş rəhbəri olmuş İsa Məlikov, “Dream Team”in digər üzvü, dəfələrlə ölkə təmsilçilərimizlə çalışmış İlias Kokotos sualları cavablandırıblar. Ölkəmizdə olan Avroviziya fan klublarının və müsabiqənin izləyicilərinin çoxluq təşkil etdiyi panelin tamaşaçıları arasında 2023-cü il Avroviziya təmsilçilərimizdən Turan Bağramov, Azərbaycanın bu ilki müsabiqə təmsilçisi namizədləri — Mila Mayls, Səbinə Quluzadə, “Qorqud” və “Fahree” də yer alıblar.

2-ci hissədə izləyicilərin suallarını cavablandıran tədbir iştirakçıları bu panelin ölkənin musiqi sənayəsində yeni bir başlanğıc olacağını, bəstəkarlarının, sənətçilərinin də bu işə cəlb edilməsində maraqlı olduqlarını qeyd ediblər.