Moldova Avroviziya 2024 üçün təmsilçi seçmək yolunda növbəti addımı atıb. Bu gün Moldovanın Malmödə keçiriləcək müsabiqədə təmsilçisini müəyyənləşdirəcək “Etapa Națională 2024”-ün canlı dinləmələr mərhələsini baş tutub.

Ümumilikdə 32 mahnı dinləmələrdə iştirak etmək üçün hüquq qazansa da bu mahnılardan ikisi daha sonra geri çəkilib. Digər 30 aktın hər biri milli seçim turunun final mərhələsinə keçə bilmək üçün TRM studiyasında baş tutan canlı çıxış mərhələsində iştirak edib.

Bakı vaxtı ilə 18:00-da başlayan ilkin dinləmələr “Moldova 1” vasitəsilə canlı yayımlanıb.

Bir saatlıq fasilədən sonra böyük finala vəsiqə qazanan namizədlər “Moldova 1”-də 22:00-da (Bakı vaxtı ilə) canlı olaraq açıqlanıb. Milli finala kimin çıxacağı qərarı sırf münsiflər heyətinə məxsus olub.

Münsiflər heyəti mahnıları axıcı melodiya, mahnının orijinallığı və təfsirinə görə qiymətləndirib. Dinləmələrin sonunda münsiflər heyətindən ən yüksək bal toplayan on bir akt “Etapa Naţională 2024”-ün finalına vəsiqə qazanıb.

Final mərhələsinə vəsiqə qazanmış şəxslər aşağıdakılardır:

  1. Nataliya Barbu
  2. Valeriya Paşa
  3. Yuliya Teleuka
  4. Katalina Solomak
  5. OL
  6. Viola Yulea
  7. Regina Aleksandrina
  8. Viktor Qulik
  9. Nikoleta Sava
  10. Saşa Letti
  11. Y-Limit