Finlandiyanın yayımçı kanalı Yle fevralın 10-da keçiriləcək milli final “UMK 2024”-ün interval aktları barədə açıqlama verib.

İnterval aktlarda Erika Vikman çıxış edəcək və müsabiqənin ötən ilki qalibi “Käärijä” ilə birlikdə yeni sinqllarını təqdim edəcəklər. Erika Vikman 2020-ci ildə “Cicciolina” mahnısı ilə müsabiqəyə qatılaraq fin ictimaiyyətindən ən yüksək xal almaqla ümumi nəticədə ikinci olmuşdu.

Həmçinin, səhnədə ötən il “Ylvoimainen” mahnısı ilə müsabiqədə iştirak edərək beşinci olan “KUUMAA” da çıxış edəcək. Onların mahnısı ötən il Finlandiya radiosunda ən çox səslənən mahnı olub.

Onlara ötən ilin daha bir iştirakçısı da qoşulacaq. O, “UMK 2023”-də “Hoida mut” mahnısı ilə yeddinci olan, həmçinin, bu ilki müsabiqənin aparıcısı Benyamindir.

Qeyd edək ki, müsabiqə fevralın 10-da Tempere şəhərində, 13.455 nəfər tutumlu “Nokia Arena”-da baş tutacaq. Bu, Finlandiyanın ən böyük qapalı arenası olmaqla yanaşı, indiyə qədər “UMK”-ə ev sahibliyi edən ən böyük arenadır.

“UMK 2024”-də səhnəyə çıxış sıralaması bu ardıcıllıqla baş tutacaq:

  1. Sini Sabotaj — “Kuori mua” (Peel Me)
  2. Cyan Kicks — “Dancing With Demons“
  3. Cessi Markin — “Glow“
  4. Mikael Gabriel x nublu — “Vox populi” (Voice of the People)
  5. Sara Siipola — “Paskana“ (Shit)
  6. Sexmane — “Mania“
  7. Windows95man — “No Rules“

1961-ci ildən Avroviziya Mahnı Müsabiqəsinə qatılan Finlandiyanın sadəcə bir qalibiyyəti var.