2024 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi İsveçin 1.000-dən çox sənətçisi tərəfindən Avropa Yayım İttifaqına (AYİ) İsrailin boykot edilməsi və müsabiqədən xaric edilməsini tələb edən açıq məktub göndərilib. İsveçin məşhur qəzeti “Aftonbladet”də yayımlanan məktubda İsrailin Qəzza bölgəsindəki hərbi əməliyyatları səbəbindən bu ilki müsabiqədən kənarlaşdırılmasının gərəkli olduğu və AYİ-nın təşkilatın nüfuzunə zərər gətirən ikili standartlı siyasət yürütdüyü bildirilib.

Məktubu imzalayanlar arasında dünya şöhrətli Robin və Fiver Rey kimi sənətçilərdən başqa, ötən Avroviziya müsabiqələrindən tanıdığımız Erik Saade və Malena Ernman da yer alıb.
Məktubda həmçinin humanizmi heçə sayan bir ölkənin müsabiqədə iştirakının dəstəklənməsinin beynəlxalq hüquq normalarının pozulmasını normallaşdırması və baş verən faciəni görməzdən gəlməsi ilə bağlı fikirlər qeyd edilib.

29 yanvar tarixində səhər saatlarında yayımlanan bu məktuba AYİ-nın cavabı gecikməyib. Müsabiqənin siyasi yarışma olmadığı fikrini müdafiə edən birlik, burada ölkələrin deyil, ölkələrin ictimai televiziyaları arasında mübarizənin olduğu və buna görə də İsrailin yarışmadan uzaqlaşdırılmayacağını açıqlayıb.

Qeyd edək ki, bu AYİ-a bu mövzuda ünvanlanan ilk məktub deyil. Finlandiya və İslandiyanın 1.400-dən çox sənətçisinin də İsrailin boykot edilməsini tələb etdikləri açıq məktub ötən günlərdə yayımlanmışdı.
İslandiyanın rəsmi yayım quruluşu olan RÚV, Avroviziyada iştirak və ya cari müsabiqənin boykot edilməsi mövzusunda qərarın mart ayında keçirələcək milli seçim turu “Söngvakeppnin”in qalibi tərəfindən açıqlanacağını bildirmişdi.

Bu çağırışların AYİ-nı öz qərarından döndərəcəyini demək çətindir, lakin xatırlatmaq lazımdır ki, ittifaq 2022-ci ildə Ukraynada davam etdirdiyi hərbi əməliyyatlar səbəbindən Rusiyanı, 2021-ci ildə rəsmi yayım quruluşunun mətbuat azadlığı normalarını pozması səbəbindən Belarusu müsabiqədən uzaqlaşdırmışdı.