Ölkəmizi İsveçin Malmö şəhərində baş tutacaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək namizədləri tanıdığımız bu yazı seriyasının beşinci bölümündə qonağımız  Emy Lia kimi tanıdığımız Emiliya Yaqubovadır.

27 may 1986-cı ildə Bakı şəhərində dünyaya göz açan Emiliyanın uşaqlıqdan musiqiyə və incəsənətin müxtəlif sahələrinə böyük marağı olub və ailəsi bu mövzuda ilk gündən ona dəstək olub, atası hələ 3 yaşı olarkən özü musiqi alətlərində heç bir musiqi təhsili olmadan ifa edərdi və Emiliyanın səsini yazaraq saxlayardı.

Hələ erkən yaşlarında ifaçılıq və rəqs etmə sevgisi onu dostlarını bir araya yığıb öz aralarında yarışmalar keçirməyə vadar edib və peşəkar şəkildə uşaqlıda akrobatika ilə məşğul olub.

Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano ifaçılığı ixtisasını və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsini bitirmişdir. Atası ilk başlarda müğənni kimi fəaliyyət göstərməsini istəməsə də, Emiliya bunla əsla razılaşmır. Musiqiçi ailənin evlərinə qonaq gəlməsi və səsi haqqında ailəsinə öz fikirlərini söylədikdən sonra isə hər şey dəyişdi. Valideyinlərinə onun müğənnilik ilə məşğul olmalı olduğunu bildirdikdən sonra isə atası razılaşdı. Asəf Zeynallı adına Musiqi Kollecində fortepiano ifaçılığı təhsilini başa vurduqdan sonra elə uşaqlıqda təhsil aldığı musiqi məktəbində eyni ixtisas üzrə pedoqoq olaraq 11 il boyunca çalışır. Aparıcılıq, müəllim olma və müğənnilik sevgisi ilə yanaşı o hətta bərbər/stilist kimi də işləməyi çox istəyib. Onun bu istedadından isə dost, qohum və tanışları mütəmadi olaraq faydalanıb.

Bu gün Avroviziya təmsilçimiz olmağa namizəd 6 ifaçıdan biri olan Emiliya özünün Avroviziya xəyalını hələ 2011-ci ildə, milli finallara qatılaraq sınayıb.

Həmin il onun həyatında bir çox yeniliklər gətirdi və Yaqubova “Rast” qrupunun rəhbəri, xalq artisti Rəşad Həşimovun dəvəti ilə 4 il “Rast” qrupu nəznində “Həzz Band”in solisti kimi fəaliyyət göstərməyə başladı.

Emiliya 2014-cü ildən etibarən İsveçrə, Böyük Britaniya, Ukrayna, Gürcüstan kimi ölkələrdə baş tutan müxtəlif tədbirlərdə iştirak edib. Müğənni, həmçinin,

• 2017: Jara Festivalı iştirakçısı;

• 2019: Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının bağlanış mərasimində ulduz ifaçı;

• 2022: “Karvan” qrupunun 30 illik yubileyinə həsr olunmuş konsertdə solist olaraq səhnə alıb.

2018-ci ildə “Yersiz istehsal” adlı layihə çərçivəsində dünyaca məşhur musiqi parçaları Azərbaycan milli musiqi alətləri ilə sintez edilərək, milli koloritlə ifa olunmuşdur. Bura “Black or White” (Maykl Cekson), “Zombie” (The Cranberries) və “Smells Like Teen Spirit” (Nirvana) sinqlları daxildir.

Bu gün ölkəsini beynəlxalq arenada təmsil etməyə namizəd olan Emiliya Avroviziya mahnı müsabiqəsinin uzun müddətdir ki, izləyicisi və pərəstişkarıdır. Bu onun ilk cəhdi deyil. Artıq 3-cü dəfədir ki, Avroviziya seçimlərində iştirak edir.

Emiliyanın Avroviziya Mahnı Müsabiqəsinə olan yanaşması isə belədir:

Avroviziya illərdir izlədiyim və böyük pərəstişkarlıq etdiyim bir müsabiqədir. Təbii ki buna təkcə müsabiqə demək olarsa, bu bayramdır, bu, dostluq və sağlam rəqabətin ən gözəl formasıdır.

Ayrıca, gənc müğənni ona ünvanladığımız “favorit çıxışlarımız hansılardır” sualını belə cavablandırıb:

Müsabiqədə ilk gündən özəl və seçilən nömrələr sərgiləmişik. Mənim üçün onları ayırmaq, xüsusi birini demək çox çətindir. Hər il böyük qürurla ölkəmə dəstək olmuşam. Sırf birini deməliyəmsə, doğma Bakımızdakı çıxışı söyləyə bilərəm.

Emiliya da digər 4 namizəd yoldaşı kimi seçim mərhələsində yerli bəstəkarın hazırladığı mahnı ilə mübarizə aparır. Mübarizə demişkən, Emiliya digər namizədlər barədə bu düşüncədədir:

Onların hər biri mənim sənət yoldaşlarımdır. Hər biri istedadlı və bu səhnəyə layiqdir. Onlara sadəcə uğurlar diləyə bilərəm. Kimin seçilməsindən asılı olmayaraq öz dəstəyimi əsirgəməyəcəyəm.

Biz də keçdiyi bu sənət yolunda gənc müğənniyə uğurlar arzu edirik və şəhər əfsanəsi halını almış “3-cü dəfə uğurlu” şüarını Emiliya üçün diləyirik.