2024-cü il Avroviziya təmsilçimizin adını gözlədiyimiz bir zamanda Raufdan sonra daha bir ad ölkəmizi 2025-ci ildə keçiriləcək müsabiqədə təmsil etmək istədiyini bildirdi. Bu ad isə Raufdan fərqli olaraq yerli müsabiqə azərkeşlərinə yaxından tanışdır. 2010-cu ildə keçirilmiş milli seçim turunun finalçısı Elvira Miçiyevayla yeni video klipi ilə bağlı bir araya gəlsək də ifaçı bizi digər yeniliklərdən də məlumatlandırıb.

“TikTok” platformasından alman reperdən təklif alan ifaçı bir neçə dəqiqə içində bu təklifə “hə” deyib və onların iş birliyindən melonxonik bir iş ortaya çıxıb. “Du bist nicht da” (Sən yoxsan) adlı mahnıya çəkilmiş video klip vəfat etmiş yaxına olan həsrətdən bəhs edən duyğusal sənət əsəridir. İfaçı yeni idarə heyəti ilə çalışdığını və bu yaxınlarda uzun fasilədən sonra ilk solo işini təqdim edəcəyini də bildirib.

Elvira musiqi karyerası boyunca həm Azərbaycan, həm də Almaniya adından müsabiqəyə qatılmağa çalışmış, hətta qeyd etdiyimiz kimi 2010-cu il seçimlərində final mərhələsinə yüksəlmişdir. Məşhur bəstəkar İsa Məlikovun ilk əvvələr prodüerliyini etdiyi ifaçı artıq 2025-ci ildə keçiriləcək mahnı müsabiqəsi üçün yeni mahnılar topladığını və seçimlərə qatılacağının da müjdəsini verib.

© eskaz.com
© eskaz.com

Qeyd edək ki, Elvira alman “PopStar” şousunun 5-ci mövsümündən sonra populyarlaşmağa başlayıb. O, şounun final mərhələsinə yüksəlsə də mübarizəni elə bu mərhələdə dayandırmış, daha sonra isə yeni yaradılmış “Bisou” qrupuna dəvət olunmuşdur. Qrup “Die erste Träne” adlı mahnı ilə qısa müddətli uğur qazansa da ilk abomları musiqi çartlarındakı gözləniləni doğrultmadığı üçün qısa aradan sonra dağılır.

Elvira həm də bəstəkar olaraq da fəaliyyət göstərir. Belə ki, o, Fidan Hüseynovanın Avroviziya Uşaq Mahnı Müsabiqəsində səsləndirdiyi “I Wanna Be Like You” mahnısının bəstəkarlarından biridir.