İsrail son üç ay davam edən axtarışdan sonra nəhayət Avroviziya üçün növbəti ulduzunu tapıb. İsrail milli seçiminin çərşənbə axşamı keçirilən finalı – “HaKokhav HaBa”-da Eden Qolan qalib gəlib və bununla da o, may ayında Malmöyə yola düşəcək.

2023-cü ildəki seçimlərdə 40-dan çox müğənni iştirak edib. Daha sonra müxtəlif mərhələlər və yarımfinaldan sonra dörd iştirakçı finala vəsiqə qazanıb

Yekun qalib münsiflər heyəti və ictimaiyyətin səsləri əsasında seçilib. Yekun nəticələr aşağıdakı kimidir:

  1. Eden Qolan
  2. Or Kohen
  3. Mika Moşe
  4. Dor Simon

İndi Eden Avroviziya 2024 üçün mahnı seçməklə məşğuldur. Mahnının seçimi üzvlərinə musiqi ekspertləri və televiziya mütəxəssislərinin də daxil olduğu komitə tərəfindən seçiləcək.

Mahnı qəbulu üçün elə də çox vaxt qalmayıb. Son tarix bu bazar 11 fevraldır. Seçilmiş mahnı daha sonra fevralın sonu və ya martın əvvəlində KAN 11 kanalında xüsusi şou zamanı açıqlanacaq.

Avroviziya Eden üçün çoxdankı arzu idi. O, daha öncə Rusiyanın 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçimdə də iştirak edib və finalda beşinci yeri tutub. O, həmçinin 2016-cı ildə Krımda keçirilən “Yeni dalğa” müsabiqəsində də iştirak edib.

Eden Avroviziya 2024-də mayın 9-da keçiriləcək ikinci yarımfinalın ikinci hissəsində İsrail adına çıxış edəcək.