Diana Hacıyeva Kate Buşun ifa etdiyi “Running Up That Hill (Tanrı ilə Müqavilə)” mahnısına yeni nəfəs verib.

Kate Buşun mahnısını kover edənlərdən biri də ölkə təmsilçimiz Diana Hacıyeva olub. Musiqiçi öz instagram hesabında “rəsmi olaraq payız gəldiyinə görə mən özüm ola bilərəm. Kate Buş, mən həmişə səninləyəm”. deyə yazaraq melanxolik və eyni zamanda özünə məxsus koverini paylaşıb.

Netflix-in “Stranger Things” serialının yeni dördüncü mövsümündə “Running Up That Hill (Tanrı ilə Müqavilə)” mahnısının istifadəsi mahnının populyarlığının yenidən artmasına səbəb oldu. Mahnı bu yaxınlarda 1985-ci ildəki “Billboard Hot 100″də 30-cu yer nəticəsini geridə qoyaraq Buşun bu nüfuzlu çartda 10-luqa daxil olan ilk mahnısı oldu. “Running Up That Hill” ifaçının vətənində – Böyük Britaniya çartlarında Drake və Beyonsenin yeni albomlarını yayımladığı bir vaxtda 1-ci yerə kimi yüksəlməyi bacarıb.

Qeyd edək ki, Diana buna qədər Radiohead, Depeche Mode və bir çox yerli və xarici məşhur ifaçı və qrupların mahnılarını kover edib.