Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ilə bağlı olaraq uşaqlar və gənc tamaşaçılar üçün nəzərdə tutulmuş beynəlxalq layihə – “Sehrli nəğmə” musiqili tamaşasının premyerası baş tutub.

Musiqili Teatra dəvət olunan Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı ölkəmizi “Eurovsion” mahnı müsabiqəsi 2017-də təmsil etmiş Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.

Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məhfumunu aşılamaqdır.

Mənbə: Akademik Musiqili Teatr