Deleqasiya nə üçündür? Deleqasiya rəhbəri kimdir?

“Avroviziya Mahnı Müsabiqəsində hər bir iştirakçı ölkənin nümayəndə heyətinə rəhbərlik edən şəxs var. Hər bir ictimai yayımçı nümayəndə heyətinin rəhbərini təyin etməlidir. Bu şəxs Avropa Yayım Birliyinin birbaşa əlaqə yaradığı şəxs və tədbirdəki nümayəndə heyətinin rəhbəridir.”

Bu yazı Avroviziya Mahnı Müsabiqəsinin rəsmi saytında yer alan açıqlamanın bir hissəsindən götürülüb. Burada nümayəndə heyətinin rəhbərinin önəmi vurğulanır. 1 il boyunca görülən və sonda ortaya çıxan işlərdən məsuliyyətli şəxs məhz deleqasiya rəhbəri kimi görülür. Ən azından digər ölkələrdə bu belədir. Təəssüf ki, baş verənlər və danışılanlar Azərbaycan deleqasiyasının qərar vermə gücünün və kreativ azadlığının sual altında olduğunu göstərir.

Son 2 ildə ölkəmizin Avroviziya Mahnı Müsabiqəsində uğursuz nəticəsi bir çoxlarını düşündürür. Sosial şəbəkə istifadəçiləri həm yazdıqları rəylərdə, həm öz şəxsi hesablarında paylaşımları ilə problemi dilə gətirir.

Ötən həftələrdə VarYox platformasının qurucusu Sitarə İbrahimbəyli öz Facebook səhifəsində hansı müsabiqə olduğundan asılı olmayaraq potensiallı işin göndərilmədiyindən, “bizi gözləri götürmür” bəhanəsinə sığınmaqdan, rəsmi hesabat verilməməsindən şikayətlənib.

Rəy bölməsində isə Murad Vəliyevin sözləri hər kəsin marağını cəlb edib. O bildirib:

“Eurovisionda stilist kimi deyirəm, inan ki, həyatımda yaşadığım ən pis təcrübə idi. Yarıda qoyub çıxmışdım . Hər şeyə sadəcə bir nəfər qərar verirdi, hansı ki, məncə 50-dən çox yaşı olardı. Nə incəsənətdən, nə modadan, nə də müasir pop musiqisindən anlayışı var idi. İştirakçı məni qucaqlayıb ağlayırdı ki, mən bunu geyinmək istəmirəm. Dəyiş bunu, kömək et. Mən isə öz növbəmdə sadəcə əmr qulu idim. Təəssüf ki, bəzi şeylər heç vaxt dəyişməyəcək. Sonsuzadək incəsənət üçün yox, vulqarlıq üçün soyunmaq məcburiyyətində olacağımız qənaətindəyəm.”

Murad Vəliyevin hansı iştirakçıdan danışdığı, ən əsası isə bütün qərarları verən tək şəxsin kim olduğu isə hamıya çox maraqlıdır.