Bu gün Liverpool üçün Avroviziya təmsilçisini seçən digər bir ölkə də Danimarkadır.

8 ifaçının mübarizə apardığı Danimrakanın milli seçim turu “Melodi Grand Prix”də xalq və yerli münsiflər heyətinin səsverməsi ilə əvvəlcə gecənin ən yaxşı üç çıxışı müəyyənləşdirilib.

Daha sonra bu üç ifaçı xalq son qərarını vermədən əvvəl bir daha səhnəyə çıxıb. Gecənin sonunda isə danimarkalılar 20 yaşlı ifaçı Reileyni “Melodi Grand Prix”in növbəti qalibi ediblər.

Reiley 67-ci Avroviziya mahnı müsabiqəsində Danimarkanı “Breaking My Heart” mahnısı ilə təmsil edəcək. Dünyanın qalan hissəsi ilə bir o qədər də yaxın olmayan uzaq Farer adalarında doğulub böyüyən ifaçı buna baxmayaraq Cənubi Koreya, Böyük Britaniya, ABŞ və Danimarka kimi ölkələrdə böyük fanat kütləsinə sahibdir. Debüt EP-ni sosial mediadan effektiv istifadə edərək təbliğ etməyə müvəffəq olmuş ifaçının hazırda TikTok-da 10 milyondan çox izləyicisi var. Müqayisə üçün qeyd edək ki, Avroviziyanın sonuncu qalibi Kaluş qrupu TikTok-də 1 milyon izləyicisini hələ bir neçə gün öncə qazanmışdır. Reiley son vaxtlar Cənubi Koreyadan olan ifaçıları ilə əməkdaşlıq edir. Bu səbəbdən də onu sosial mediada izləyənlərin çoxu Cənubi Koreyadan gəlir.

Qeyd edək ki, Danimarka mayın 11-də Liverpulda keçiriləcək müsabiqənin ikinci yarımfinalın ilk yarısında mübarizə aparacaq.