Danimarkanın Avroviziya 2024 təmsilçisinin adına aydınlıq gətirən “Dansk Melodi Grand Prix
2024” (DMGP 2024) dünən axşam baş tutan final ilə başa çatıb. Nəticəsi təəccübləndirməyən
yarışmanın sonu həm izləyicilərin, həm də münsiflər heyətinin yekdil qərarına əsasən “Sand”, yəni
“qum” adlanan mahnı ilə Sabanın qələbəsi ilə nəticələnib.
İlkin mərhələdə mübarizə aparan 8 namizəd arasında seçilən 3 ifaçının superfinal mərhələsindəki
çıxışlarına əsasən seçilən qalib hələ müsabiqədən öncə də Danimarkada öz həyat hekayəsi ilə də
artıq məşhurlaşmışdı. Saba və tək yumurta əkizi olan bacısı ilə keçirdiyi ağır uşaqlıq illərdən bəhs
edən və Danimarkanın ən məşhur telekanallarından birində yayımlanan “Mənim çılğın əkizim”
adlı sənədli film ilə sözün həqiqi mənasında ölkənin əsas gündəmlərindən birinə çevrilir.
Doğrudur, bacısı Andreya yaşadıqları ölkədə musiqili aktrisa kimi, Saba özü də bir ifaçı kimi
diqqətəlayiq izləyici kütləsinə malik insanlar idilər və sənədli filmə marağın bu qədər çox
olmasının səbəblərindən biri də bu idi. Ancaq Sabanın bacısı ilə birlikdə övladlığa verilmələri və
mental problemlərindən, ona bipolyar pozuntu diaqnozu qoyulduğu müddət ilə bağlı səmimi
açıqlamaları onu xalqa daha da yaxın etdi. “DMGP 2024”-dəki qalibiyyətini bununla əlaqələndirən
izləyicilərin sayı da heç də az deyil.


Ritmik quruluşu, dinləyicidə yaratdığı təsir Avroviziya izləyicilərinə heç də yad olmayan və
təəccübləndirməkdən uzaq “Sand” mahnısı və özü ilə bağlı Saba bu fikirləri səsləndirib:

Bir sənətçi olaraq tək başına ayaqlarımın üstündə durmaq və öz mahnıma sahib olmaq
hissi misilsizdir. Əla hiss edirəm və özümlə qürur duyuruam.

Bukmeykerlərə görə çox da böyük şansı olmasa da, görək Saba Danimarkaya 4-cü qalibiyyətini
gətirə biləcəkmi?