22 mart tarixində 2023 Avroviziya Mahnı Müsabiqəsinin yarımfinal mərhələlərində yarışacaq ölkələrin səhnəyə çıxış sıralaması elan edilmişdi. Bu sıralamaya əsasən ölkəmizi bu il müsabiqədə təmsil edəcək “TuralTuranX”-in 9 may tarixində keçiriləcək 1-ci yarımfinalda səhnəyə 12-ci çıxacağı bizə bəllidir.

2-ci yarımfinalla müqayisədə daha güclü, müsabiqədə öz sözünü demiş, iddialı ölkələrlə eyni mərhələdə rəqib olmaq bizim üçün final riskini artırsa belə situasiyanı qısaca gözdən keçirək.

12 nömrəsinin uğuru:

Performansın nə qədər uğurlu olmasına baxmayaraq, çıxış nömrəsinin nəticəyə təsir etdiyi hər kəsə məlumdur. Bəs 12 nömrəsinin “xüsusi uğuru” varmı?

Bu nömrə ötən il Danimarka təmsilçilərinə uğur gətirməsə də, 2021-ci ildə İsrail təmsilçisi Eden yarımfinalda 5-ci yerdə qərarlaşa bilmişdi. Hətta, 2019-cu ildə Avstraliya, 2015-ci ildə Rusiya 12-ci sırada çıxış edərək yarımfinalı qalib olaraq bitirmişdi. 2014-cü ildə məhz bu nömrə San Marinoya uğur gətirərək müsabiqə tarixində ilk dəfə final sevincini yaşatmışdı. Son 10 ilin nəticələrinə ümumi nəzər yetirsək, uğur qazana bilməyənlər arasında sadəcə Xorvatiya təmsilçisi Franka var. Təəssüf ki, o, yarımfinalda 17-ci olaraq “evə tez qayıdanlardan” biri olmuşdu.

Lorin Azərbaycanı kölgəsində qoya bilərmi?

2012-ci ildə qalib olaraq adını müsabiqə tarixinə yazdıran, bu gün də hər kəs tərəfindən sevilən Lorin yenə də qalibiyyətə namizəddir. Həmin ildə 2-ci yarımfinalda Lorindən sonra və həmçinin 12-ci nömrə altında çıxış edən Gürcüstan “I’m A Joker” mahnısı ilə 14-cü olaraq finala vəsiqə qazana bilməyənlər arasında idi.

Bəs Azərbaycan digər tempolu mahnılar arasında parıldaya bilərmi?

Oxunan mahnı janrının, özündən əvvəl və ya sonra gələn rəqiblərindən fərqlənməsinin də nəticəyə təsir etməsi sir deyil. Yarımfinalda yer alacaq digər ölkələrə nəzər yetirsək, onlar yüksək templi ifaları ilə Avropanı coşdurmağa hazırlaşır. Məhz bu səbəbdən bizim qardaşlar melanxolik ifaları ilə elə vətəni Liverpul olan Bitlz qrupunu, 1991-ci ildə yaranan Oasis qrupunu xatırladaraq arenadakı, həmçinin ekran qarşısındakı izləyicilərə əsl nostalgiya yaşadacaq.

Məsələyə daha da maraq və əyləncə qata bilərik.

Gəlin 12 rəqəminin spiritual tərəflərinə nəzər salaq. Bir biri ilə toplayanda numeroloji baxımdan enerji, yumor, müdriklik, harmoniya, bolluq və yaradıcılıq ilə əlaqələndirilən və bir çox xalqın mədəniyyətində və müxtəlif dinlərdə müqəddəs hesab olunan 3 rəqəmi insanı pozitiv düşünməyə dəvət edir. Əgər düşüncələr pozitiv olarsa yaşayacağın şeylər pozitiv, neqativ olarsa isə neqativi yaşayacağımız mənasını gəlir.
Bir nüansa da nəzər salaq, bu ilki təmsilçilərimiz “TuralTuranX” əqrəb bürcüdür. Əqrəb bürcünün simvolika elmində arxitepi əfsanəvi küllərindən yenidən həyata qayıdan Simurq quşudur. Onlar yüksəliş üçün Simurq quşu kimi yanmalıdır ki, uğuru əldə etsin. Əkizlərin təmsilçi seçildiyi gündən qarşılaşdıqları neqativ münasibət və tənqidlər ümid edirik ki, onları zirvəyə daşıyacaq.

Ümumiyyətlə, əldə ediləcək nəticədən asılı olmayaraq, ölkəmizin illər sonra ilk dəfə yerli bir işlə müsabiqəyə qatılması bəlkə də Azərbaycanın yeni erasının başlanğıcı ola bilər. Yerli bəstəkar və prodüserləri müsabiqəyə daha çox çəkərək həmçinin sənətçilərimizin öz işləri ilə önünü açaraq Avropa musiqi industriyasına qazandıra bilərik.