Azərbaycanı İsveçin Malmö şəhərində baş tutacaq 2024 Avroviziya Mahnı Müsabiqəsində kim təmsil edəcək? Bunun cavabını qısa zamanda biləcəyik. Gəlin o vaxta kimi Avroviziya nağılının qəhrəmanlarının hekayələri ilə tanış olaq.

Bugün bəhs edəcəyimiz hekayənin qəhrəmanları isə daxili seçim turumuzda yarışacaq Mila Mayls, Etibar Əsədliİlkin Dövlətovdur.

Musiqiçi ailəsində dünyaya gələn Mila Mayls musiqi nədir sualına “sözsüz danışıla bilinən dil” olaraq cavab verir. 5 yaşında musiqi məktəbinə gedən və oradan fortepiano üzrə məzun olan gənc müğənni “hər bir şeyin başlanğıcı” budur deyə davam edir. Səhnə adına gəldikdə isə “Opera Sky” klubunun dövründə yaranan “Miles Band” cover qrupunun adı ilə bağlıdır. Müğənni verdiyi müsahibədə bildirib ki,

beləliklə, mən Maylsdan Mila oldum və “millər” yaradıcı həyatımda addım-addım qət etdiyim millərimdir. Bəziləri mənə qısaca Milam deyirlər, yeri gəlmişkən, yaxşı səslənir.

Ötən illərdə Azərbaycanın nümayəndə heyətində çalışan Mayls ilk dəfədir ki, daxili seçimlərə müraciət edir və onun bu müraciəti uğurlu olur. Avroviziya Mahnı Müsabiqəsinə münasibətindən danışan müğənni müsabiqəyə müsbət münasibət bəslədiyini qeyd edir:

Ölkənizi layiqincə təmsil edə biləcəyimiz istənilən tədbirin tərəfdarıyam! Bu mənim üçün çox maraqlı təcrübə oldu, burada həm yaradıcılıq, həm də məşqçi kimi mühüm töhfə verdim.

AISEL, Civa, “Mamagama”, Bahar, Etibar Əsədli, İsfar Sarabski, Elnur Hüseynov, Nəzrinin yaradıcılığını çox bəyənən Maylsın dünya estradasından isə Maykl Cekson, Uitni Hyuston, “Wind & Fire”,  “The Weeknd”, Çarli Put, Bruno Mars, Erika Badu, Nati Peluso və Sevdalizadır. Həmçinin Maykl Cekson, “Linkin Park”, “Evanescence”, “Limp Bizkit” və başqa musiqiçilərin musiqilərini dinləyərək böyüdünü bildirib.

Daxili seçim turumuzda yarışan digər bir namizəd olan “Fahree” səhnə ləqəbli Fəxri ilə əməkdaşlıq edən ifaçı İsa Məlikovun əfsanəvi “Apardı uzaqlara” mahnısına istinadla çox gözəl müəllif dueti hazırlayıb. Etibar Əsədli ilə isə, “Küçələrə su səpmişəm” mahnısını öz aranjımanında ifa edib. İndi isə o, Etibar Əsədli və İlkin Dövlətovla səhnə həmkarıdır. Avroviziya Mahnı Müsabiqəsi üçün Etibar Əsədli ilə birlikdə Azərbaycan musiqisini Avropada tanıda biləcək bir mahnı hazırlayıb. Etnik motivlərə məxsus olan tərkibində milli və yeni səslərə sahib olan mahnının adı isə öz doğma dilimizdədir.

İndi isə Etibar Əsədli ilə tanış olaq. 1992-cı ildə fanatların ən sevimli ayı, may ayında dünyaya gələn Etibar uşaq yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 illik klassik piano təhsilini başa vurduqdan sonra yerli və beynəlxalq caz festivallarında çıxış edən sənətkar Birləşmiş Ştatlar və Çin başda olmaqla bir sıra Avropa ölkələrində baş tutan konsertlərdə çıxış edib. İlk albomu “Projects”i 2017-ci ildə dinləyiciləri üçün təqdim edib. Etibar bu albomu ilə xalq musiqilərimizi və muğamlarımızı Avropa dinləyicisinə ötürməyi bacarmışdı.

2018-ci ildə yeni “Psixodelik muğam” adını verdiyi növbəti albomunu təqdim edir. Adından bəlli olduğu kimi, muğamlardan ibarət olan albomda milli mədəniyyətimizi qərb ritmləri ilə sintez etməyi bacarmışdır. Ölkəmizi dünyada qürurla təmsil edən gənc istedadımız, hazırda Fransada, paytaxt Parisdə yaşayan Etibar Azərbaycanın milli musiqi alətlərini elektronlaşdıraraq yeni virtual alətlər proqramı yaratmışdır. Bu virtual səslər vasitəsilə Azərbaycanın istənilən musiqi alətini elektron ifa etmək mümkündür. Bunu rahatlıqla deyə bilərik ki, o, Avroviziya Mahnı Müsabiqəsi üçün hazırladığı mahnıda belə özündən ecazkar əlavələr edərək yeni səslər, yeni sima və çalarlardan istifadə edib.

Bir məlumat da bölüşək ki, onlar Azərbaycanı təmsil etməyə vəsiqə qazansalar özləri üçün qrup adı tərtib edəcəklər və bu qrupun adı onların öz adlarının birləşməsindən ortaya çıxacaq.

İndi isə gəlirik qrupun əsl Azərbaycan səsinə, bu İlkin Dövlətovdur.

1990-cı ildə musiqiçi ailəsində dünyaya gələn İlkin hələ 4 yaşında ikən ev şənliklərinin birində istedadlı sənətkar Şövkət Ələkbərovanın repertuarından “Qəlbimdə qaldı” əsərini ifa edib. Yenicə dil açmış uşaq üçün bu böyük məharət idi. Ailəsi tərəfindən bu istedadı kəşf edilmiş İlkin İncəsənət Universitetini uğurlu başa vurur. İkiyönümlü musiqi təhsili alır. Onun estrada səhnəsindəki müəllimi Teymur Əmrah muğam müəllimi isə Zakir Əliyev olub.

2000-ci illərin səs yarışması “Azəri Star”da çıxış edən ifaçı uzun müddət sonra yenidən televiziya lahiyəsi “Səs Azərbaycan” da qatılır və burada super finalist olaraq yarışmanı uğurlu şəkildə tamamlayır. İlkinin əsas hədəfi isə təbliğatdır. O istəyir ki, Azərbaycan musiqi mədəniyyətini gənc nəsil üçün təbliğ etməyi bacarsın. Və bütün işlərində mükəmməl olsun. Fikrimizcə, İlkin arıq buna nail olub.

Bir müğənni olaraq İlkin Avroviziya Mahnı Müsabiqəsini çox sevir. 2008-ci ildən indiyədək yarışmaya yaxından maraq göstərir. Müğənni bildirib ki:

Mənim üçün bu yarışma sadəcə musiqi yarışmasıdır. Ən çox üstünlük verildiyim məqamlar isə güclü ifalar və mahnıların mövzusudur. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bir çox ölkələr bu yarışmaya siyasi yöndən yanaşır. Bu düzgün deyil. Avroviziyanın əsas hədəfi ölkələri, mədəniyyətləri və insanları birləşdirməkdir. Bu dostluq yarışmasıdır, siyasi nüansları buradan uzaq etmək lazımdır.

Avroviziya Mahnı Müsabiqəsində çıxış etmək İlkinin böyük arzusu olsa da o, buna heç vaxt cəhd etməyib. Və indi isə ən böyük arzusuna çox yaxındır. Etibar Əsədli və Mila Mayls ilə harmoniyalarının tutduğunu deyən İlkin bütün qərarları ortaq verdiklərini bildirib.

Müğənninin Azərbaycanın ötən illərdə olan çıxışlarına fikri isə belədir:

Düşünürəm ki, bizim çox güclü ifalarımız olub. Düzdür, bəzilərimiz finala qalmasaq belə, əlimizdən gələnin ən yaxşısını etmişik. Demək olar ki, bütün çıxışlarımızı çox sevirəm; mənim üçün ön pillədə olanlar isə “Day After Day, “Running Scared”, “When the Music Dies”, “Hold Me”, “X My Heart”, “Truth” və Nadirin ifasında “Fade to Black”dir.

Müğənni açıqlayıb ki, ilk 6-lığa düşmək böyük uğurdur:

Finalda olan namizədlər çox güclüdür. Hətta bunu bildirim ki, 16-lıq daha da güclü idi. Bura qədər gəlib çıxmaq bizi çox sevindirir, biz seçilməsək belə mahnımızı təqdim edəcəyik.

İlkinin rəqibləri barəsində düşüncələri də çox maraqlıdır:

Mən deməzdim ki, orada olan sənətçilər bizim rəqibimizdir.  Əgər bizim niyyətimiz və amalımız eynidirsə, biz burada rəqib deyilik.

İlkin üçün Avroviziya Mahnı Müsabiqəsi bir “birlik” yarışmasıdır. Bir çox ölkənin eyni anda bir səbəbə görə bir araya gəlməsidir. Sizcə də bu əsl Avroviziya ruhu deyilmi? Həmçinin, artıq ənənə halını alacaq “United By Music” şüarının döyünən ürəyidir. Belə görürük ki, İlkin Avroviziya ruhunu tutmağı bacarıb və Avroviziya Mahnı Müsabiqəsi səhnəsində Azərbaycan adına bütün Avropanı həmrəyliyə və birlik olmağa dəvət edən sülh mahnısı ifa edəcək.