Mayın 13-də Lorin Liverpulda təşkil edilən 67-ci Avroviziya Mahnı Müsabiqəsində qalib gəldi. Bu il ilk dəfə Avroviziya Mahnı Müsabiqəsi ilə yanaşı həm də, Avroviziya Kitab Müsabiqəsi də keçirilir. Bu ədəbi müsabiqənin qalibi iyunun 2-də məlum olacaq. Artıq hər bir ölkədən namizədlərin siyahısı açıqlanıb. Ölkəmizi Bakıda doğulmuş Hollywood bəstəkarı/müğənnisi Ella Leyla təmsil edir.

Keçən il Avroviziyanı Kaluş Orkestri sayəsində Ukrayna qazansa da ölkə hələ də müharibə şəraitində olduğu üçün bu ilki tədbir 2022-ci ildə ikinci yeri tutan Sem Rayderin ölkəsində – Böyük Britaniyada baş tutdu.

Hər il Böyük Britaniyada, daha dəqiq desək Uelsdə ədəbiyyata həsr olunmuş Hay Festivalı keçirilir. Avroviziya Mahnı Müsabiqəsinin və Hay Festivalının təşkilatçıları güclərini birləşdirdirərək bu il ilk dəfə mahnı müsabiqəsi ilə yanaşı, kitab müsabiqəsi keçirmək qərarı veriblər. Müsabiqənin məqsədi Avroviziya Mahnı Müsabiqəsinin ənənələrinə sadiq qalan, sərhədsiz anlayış və empatiyanın formalaşmasında ədəbiyyatın rolunu vurğulamaqdır.

Bəs namizədlər necə seçilib?

Hay Festivalı tərəfindən xüsusi olaraq hazırlanmış vebsaytda dünyanın hər yerindən oxucular öz sevimli ədəbi əsərlərinin adlarını təqdim edərək müsabiqədə iştirak şansı qazanıblar. Təşkilatçıların verdiyi məlumata görə minlərlə müraciət olub, təşkilatçılar 37 ölkənin hər birindən bir namizəd seçiblər. 37 ölkə olmasının səbəbi bu il Liverpulda keçirilən musiqi yarışmasında 37 ölkənin iştirak etməsidir.
Müsabiqənin əsas şərtləri isə təqdim edilən kitabların çap tarixi 1956-cı ildən, yəni Avroviziyanın ilk dəfə keçirildiyi ildən əvvəl olmaması, eyni zamanda iştirakçı ölkələrin hər hansı birində çap edilməsidir.

Ölkəmiz Bakıda doğulmuş Hollywood bəstəkarı və müğənnisi Ella Leyanın müəllifi olduğu “Yetim Səma” kitabı ilə təmsil olunur.

“Yetim Səma” kitabı istedadlı gənc pianoçu qız Leylanın hekayəsindən bəhs edir. Bir gün Leyla Bakıdakı musiqi mağazalarından birinin sahibi Tahirlə tanış olur. Amerikalı casus olmasından şübhələnilən Tahir Leylanı tanımadığı və düşmən hesab etdiyi Qərb dünyası ilə tanış edir.

Müsabiqənin qalibinin kimin olduğunu 2 iyun 2023-cü il, cümə günü, Bakı vaxtı ilə saat 22.30-da biləcəyik. Lakin Avroviziyadan fərqli olaraq burda heç kim sıfır xal qazanmayacaq.

Bu yazıda BBC Azeri materiallarından istifadə olunub.