İlk Avroviziya Mahnı Müsabiqəsi 1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərində, “Teatro Kursaal”-da keçirildi.

İlk müsabiqə

İtaliyanın “Sanremo” festivalından ilhamlanaraq, Avropa Yayım Birliyinin 1955-ci ildə Monakoda keçirilən iclasında ümumavropa musiqi müsabiqəsi təşkil etmək ideyası yarandı. İlk Avroviziya Mahnı Müsabiqəsinin növbəti il İsveçrənin kurort şəhəri olan Luqanoda keçirilməsi qərara alındı. 1956 Avroviziya Mahnı Müsabiqəsi ilk növbədə radio şousu idi, baxmayaraq ki, bir neçə kamera o vaxt televizoru olan bir neçə avropalı üçün müsabiqəni lentə alırdı.

1 saat 40 dəqiqə davam edən proqramı Lohenqrin Filipello aparıb. Yeddi iştirakçı ölkə hər biri iki mahnı təqdim edib. Müsabiqənin mahnıları üç dəqiqə yarımdan çox olmamalı idi və ifaçıları Fernando Paccinin rəhbərlik etdiyi 24 musiqiçidən ibarət orkestr müşayiət edirdi.

İsveçrə qalib gəlir!

Münsiflər heyətinin rəhbərinin elan etdiyi kimi qalib mahnı İsveçrədən olan Liz Assianın ifasında “Refrain” oldu. Liz Assia Avroviziya Mahnı Müsabiqəsində qalib gələn yeganə isveçrəli iştirakçıdır, çünki İsveçrənin digər qalibi Selin Dion fransız-kanadalıdır.

Faktlar və rəqəmlər

• Avstriya, Danimarka və Birləşmiş Krallıqdan olan yayımçılar ilk Avroviziya Mahnı Müsabiqəsində iştirak üçün son tarixi qaçırdılar və yalnız bir il sonra çıxış etdilər. Müsabiqəyə yalnız solo ifaçılar buraxılıb. Qruplar əvvəlcə qadağan edildi — bu qayda yalnız 1970-ci illərdə ləğv ediləcəkdi;

• Bütün iştirakçı ölkələr mahnılara gizli səs vermək üçün iki münsif üzvünü Luqanoya göndərdi. Lüksemburqdan olan münsiflər heyəti Luqanoya gedə bilmədi, buna görə də AYİ İsveçrə vətəndaşlarına onların adından səs verməyə icazə verdi. Münsiflər heyətinə istədikləri ölkəyə, o cümlədən öz ölkəsinə səs verməyə icazə verildi;

• Səsvermənin nəticələri heç vaxt açıqlanmadı və çoxlu fərziyyələrə yer verdi. Son beş onillikdə münsiflər heyəti üzvlərindən müsahibə götürərək səsverməni yenidən qurmaq cəhdləri heç bir etibarlı nəticəyə gətirib çıxarmadı.