Ev sahibi BBC ilk dəfə 1972-ci ildə Londondan kənarda Avroviziya Mahnı Müsabiqəsini təşkil etdi. Bir il öncə qalib gələn Monako uyğun məkan təmin edə bilmədiyi üçün ev sahibliyi etmək şərəfi Şotlandiyanın paytaxtı Edinburqa verildi. Müsabiqə bütün qitədə iki böyük hitə şahidlik etdi: qalib Vikki Leandros tərəfindən ifa edilmiş “Après toi” və “Beg, Steal or Borrow” mahnısını ifa etmiş dünya şöhrətli musiqi qrupu olan “The New Seekers” ikinci yerdə qərarlaşdı.
Avroviziya Şotlandiyaya səfər edir
BBC 1972-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməyə başladı və ilk dəfə olaraq Londondan kənarda məkan seçdi. Yarışma Yaponiya, Tayvan, Filippin, Honq-Konq və Taylanddakı tamaşaçılar olmaqla ilk dəfə olaraq Asiyaya canlı yayımlandı, sadalanan bütün ölkələrdəki insanlar şounu izləyə bildilər. Bu həm də ilk il idi ki, mahnı adlarını və sənətçiləri təqdim etmək üçün tanıtım çarxından istifadə edildi.
Qalib haqqında
Lüksemburq Viiki Leandrosun ifa etdiyi “Aprés toi” mahnısı ilə üçüncü dəfə mahnı müsabiqəsinin qalibi oldu. Qalib mahnının müəllifi İv Deska, Severin tərəfindən ifa edilmiş 1971-ci ilin qalib mahnısının da müəllifidir. Mahnı müsabiqəsinin tarixində ilk dəfə idi ki, eyni mahnı müəllifi iki dəfə ardıcıl və iki fərqli ölkə üçün qalib gəlir.
Yunan əsilli müğənni Vikki Leandros da ikinci dəfə müsabiqəyə qatılıb və yaxşı planlaşdırılmış PR kampaniyası sayəsində Lüksemburqa növbəti qalibiyyətini qazandırdı. Bu dəfə o, 1967-ci ildə “Vikki” kimi iştirak edərkən ilk dəfə imtina etdiyi soyadından istifadə etdi. Qalib mahnı “Après toi” bütün Avropada milyonlarla tirajla satıldı və Vikki Leandros bir sıra televiziya şoularında göründü. O, 2006-cı ildə yenidən Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyə çalışdı, lakin Almaniya milli finalında yalnız 3-cü yeri tutdu.
Faktlar və rəqəmlər
• Sendi Cons tərəfindən İrlandiya adına yarışan “Ceol an ghrá” irland dilində ifa edildi və indiyə qədər Avroviziya Mahnı Müsabiqəsində irland dilində oxunan yeganə mahnı olaraq qalır;
• Malta ikinci dəfə müsabiqədə iştirak etdi və Helen & Cezefin “L’imħabba” mahnısı ilə yenə sonuncu oldu.