Avroviziya həftəsi yaxınlaşdıqca müzakirə mövzuları daha da alovlanmağa davam edir.

Bu səbəbdən də biz 2024 Avroviziya Mahnı Müsabiqəsinin sözlərini bir-bir təhlil etdik. Əslində son illərdə daha da diqqət çəkən bu mövzu bəzi təzadlı məsələləri ortaya çıxarır.

Avroviziyada mahnı sözləri nə qədər dərin olmalıdır? Bəs heç də dərin anlamı olmayan mahnılar Avroviziya səhnəsində uğur qazana bilmir? Ədəbi yükü daha çox olan mahnılar nə qədər uğur qazanır? Bütün bu suallara fikir vermədən ən sevilən Avroviziya mahnılarından yola çıxsaq, ilk əvvəl ağla Verka Serduçkanın ifasındakı “Dancing Lasha Tumbai” mahnısı gəlir. Bu ifa Ukraynanı müsabiqədə 2007-ci ildə 2-ci yerə yüksəltmişdi. Onun məğlub olduğu mahnı isə bir çoxlarının mənasını belə anlamadığı Mariya Şerifoviçin ifasında “Molitva” mahnısı idi. Sonrakı illərə diqqət yetirsək, “Alcohol Is Free”, Seryev Lazarevin ifasında “You Are the Only One” və s. kimi mahnılarla siyahını uzatmaq mümkündür. Növbəti illərin ifalarına baxdıqda ədəbi yükü daha yüksək mahnıların qalib pilləsinə yüksəldiyini müşahidə edirik. Lakin bir dəqiqə… Bəs Nettanın qalib olduğu “mən sənin oyuncağın deyiləm”, “sən ağılsız bir oğlansan” deyərək Avropaya səsləndiyi “Toy” mahnısı?

“INFE Azerbaijan” üzvləri olaraq bu ilin mahnılarını analiz edərək aralarından seçim etmək qərarına gəldik. Bəs bizə görə bu il hansı ifa daha mənalı sözlərə malikdir? Nəticədə Almaniyanı təmsil edən İsaakın ifasında “Always on the Run” və İsveçrə təmsilçisi Nemonun “The Code” mahnısı arasında seçim etməli olduq. Əslində hər iki mahnı da insanın öz daxili çəkişməsindən bəhs etsə də bunu fərqli yöndə tərənnüm etdirir. “Always on the Run” özümüzü kəşf üçün daxilimizdəki uzun səyahətdən bəhs edir. Şəxsiyyətimizlə mübarizə apararkən cəmiyyətin gözləntilərini qarşılamaq və heç bitməyən mübarizələrin metaforasından istifadə edərək bir yerə aid olmaqla özünə sadiq qalmaq arasındakı dillemmanı gözəl şəkildə təsvir edir. Mahnı irəlilədikcə İsaak özünə dəyər və mübarizə ilə müəyyən edilməmiş məqsədlərin arxasınca getdiyini açıqlayır. Nəqarət hissəsi aydın bir təyinat olmadan əbədi hərəkət hissini əks etdirir, eyniz zamanda, günümüzün sürətlə inkişaf edən dünyasında qlobal mövzu kimi asılılıq paradoksunu vurğulayır.

“Run from the silence, screamin’ for guidance”

(Səssizlikdən qaç, hidayət üçün fəryad et)

hissəsi çox zaman təcrid olunduğumuz hissini verən dünyada kömək və yön tapmaq istəyini ortaya qoyur. Bu bölmə xüsusilə həssasdır, xaosun ortasında həssaslığı və aydınlıq içindəki çarəsizliyi göstərir. Mahnının son hissəsində bu sətirlərin təkrarlanması fasiləsiz qaçış dövrünü və ondan qurtulmaq istəyini vurğulayır, mahnının ədəbi hekayəsinə güclü bir yekun vurur.

“The Code” isə mövzuya ətrafın yaratdığı zəncirlərdən xilas olaraq öz reallığını qucaqlayan və nəhayətində cəhənnəmdən cənnətə səyahəti başa çatan bir adamın hekayəsindən yanaşır. Mahnı qaranlıq və aydınlıq, pislik və yaxşılıq arasında balansı öyrənir və daxili rahatlığı taparaq çox maraqlı mesajlar verir. “Şifrə”ni həqiqətən başa düşmək üçün Nemonun özünü qeyri-binar olaraq xarakterizə etdiyini bilmək vacibdir.

“Somewhere between the 0s and 1s
That’s where I found my kingdom come”

(0-larla 1-lər arasında bir yerdə
Səltənətimi buradan tapdım)

kimi sözlər lirik əzəmətin təcəssümüdür.

Yaxşılardan danışdıqsa, bir qədər uğursuz mahnı sözlərindən danışmaq lazımdır. Bunu seçmək isə heç də çətin olmadı və nəticədə Finlandiyanın 90-cı illər ritmi ilə zəngin “No Rules!” mahnısı ən uğursuz sözlərə malik mahnı seçildi. Hər nə qədər bu mahnı da insanları azadlığa, öz ritmi ilə yaşamağa səslə də müqayisədə bunu daha bayağı şəkildə səsləndirir.

Avroviziya mahnıları bəzən sözləri ilə, bəzən sadəcə bir neçə notu ilə bizi yaşadıqlarımıza, dinlədiyimiz zamanlara qaytarmaq gücünə sahib olur. Bu il hansı mahnının daha çox yaddaşlara həkk olunacağını iki həftə sonra yox, bu yazıdan illər keçdikdən sonra biləcəyik.