2021-ci ildə Xorvatiyanın yerli musiqi yarışması olan “Dora 2021” seçim mərhələsini qazanaraq Avropa tamaşaçısı tərəfindən tanınmağa başlayan Albina Qrçiç Avroviziyada çatmaq istədiyi uğura nail olmasa da öz yaradıcılığından imtina etməyib.

Xorvat müğənni keçdiyimiz aylar içində öz yeni sinql və video kliplərini dinləyiciləri ilə bölüşüb.
Mart ayında yayımladığı “27” adlı sinqlından sonra, yeni “Grad Sve Zna” yəni, “Bu şəhər hər şeyə şahiddir” adlanan mahnısının video klipini ictimaiyyətə təqdim edib.

Albina daha sonra mahnısı və yaradıcılığı barədə danışıb:

“Mahnılarım məni yansıdır. Onlarda hər zaman yaşanmış bir xatirələrim var. Burada dinləyicilərim üçün də özlərinə aid nələrisə tapmaq üçün yer yaradıram. Mahnının mövzusu olduqca universaldır. İnanıram ki, bir çox insan burada özünü tapacaq. Bir şeyə də inanıram ki, eyni misralar hər bir dinləyici üçün fərqli məna kəsb edəcək. “Grad Sve Zna” fərqli bir Albinanı ortaya çıxarır, mənim yeni və güclü tərəflərimi sərgiləyir.”

24 yaşlı müğənni daha sonra video klipi barəsində açıqlamalar verib:

“Bu musiqi videom barəsində onu deyə bilərəm ki, indiyə qədər yayımladıqlarım arasında ən çox bəyəndiyimdir. Burada qadının gücü və özünü dərk etmə mövzuları ön plandadır. Klipin çəkilişləri zamanı çox əyləndim. Çəkiliş meydançasında olan atmosfer və isti komanda mənə xoş anlar bəxş etdi.”

Mahnı yayımlandığı andan etibarən YouTube platformasında Xorvatiya trendlərinə daxil olmağı bacarıb.