Ölkənin ənənəvi musiqi festivalı olan və bununla yanaşı Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim mərhələsi rolunu üstələyən sayca 62-ci “Festivali i Kënges”-in ötən ilin dekabrında final mərhələsi başa çatdı.

Peşəkar vokalların, yerli folk-rok intervalların, güclü balladaların, həzin melodiyaların mübarizə apardığı gecedə Mal Retkoçerin “Çmendur” mahnısı ilin qalibi mükafatına sahib oldu.

Ötən ildən bəri gətirilən dəyişiklik ilə Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı təmsil edəcək artist xalq səsverməsi ilə müəyyənləşdirilir. Beləliklə, Besa Albaniyanın Avroviziyadakı növbəti siması adını qazandı.

29 may 1986-cı ildə Albaniyanın Fier şəhərində dünyaya gələn Besa 2003 və 2006-cı illərdə ardıcıl albomlar buraxaraq və günümüzə qədər bir çox populyar simalarla iş birliyi edərək Albaniyanın ən məşhur müğənnilərindən birinə çevrilib. Habelə, ölkəsinin “Ən yaxşı qadın müğənni” mükafatı ilə də təltif edilib. Əsasən pop-rok janrlarına üstünlük verir və bu seçimi ona saysız mükafatlar qazandırıb.

Bu Besanın ilk Avroviziya cəhdi deyil. Belə ki, o ilk dəfə 2009-cü ildə “Nothin’ Gonna Change” mahnısı ilə Rumıniyanın milli seçim mərhələsində yarışıb.

Gücünü dünyaya sübut etməyə çalışan Besa 2022-ci ildə Albaniyanın sərhədlərindən kənara çıxaraq “En equilibre” balladası ilə Fransada ilk sinqılını buraxıb.

Onun Avroviziya səhnəsində səsləndirəcəyi mahnı isə “Zemrën n’dorë” adlanır, yəni, “Qəlbin əllərindədir”. Mahnının dili tamamilə alban dilində olsa da, müğənni mahnısının yeni formatını təqdim edəcəyini və bir çox instrumental dəyişikliklərin olduğunu bildirib.

Qeyd edək ki, Albaniya ötən il Albina və Kelmendi ailəsinin səsləndirdiyi “Duje” mahnısı ilə mübarizə apararaq böyük finalı 76 xalla 22-ci sırada tamamlayıb.