Bir çoxlarına Avroviziyada “ən sevdikləri qalib”, “ən böyük hit” kimi suallar ünvanladıqda düşünmədən “ABBA”-nın ifasında “Waterloo”-nun adını çəkirlər. Bu qalibiyyətin ardınca gələn uğurlu albomları onların sərhədlərini hər il genişləndirdi və sadəcə Avropada deyil, bütün dünyada tanınan bir qrupa çevirdi. Bəstələdikləri və səsləndirdikləri mahnılar 70-ci illərdən bu günə qədər bütün nəsillərin ən əyləncəli anlarına fon musiqisi oldu. Haqlarında saysız sənədli filmlər çəkildi, bir çox filmlərdə “ABBA” mahnıları istifadə edildi və hətta bu mahnılardan ən məşhur müzikllardan biri ərsəyə gəldi — “Mamma Mia!”.

Bu il 25 yaşını qeyd edən və bu səbəbdən dünya turuna çıxan “Mamma Mia!” müziklı keçən həftə Londonda baş tutan tamaşalarında izləyicilərə böyük bir hədiyyə bəxş edib. “ABBA”-nın 4 üzvündən biri və qrupun mahnılarının müəlliflərindən olan Byörn Ulvaeus izləyiciləri salamlayaraq həm müziklın 25-ci ilini təbrik edib, həm də qrupun Avroviziyadakı qalibiyyətinin 50-ci illiyini qeyd edib. Byörn Ulvaeus izləyicilərə emosional dəqiqələr yaşadan çıxışında aşağıdakı fikirləri səsləndirib:

“Düz 50 il bundan öncə axşam saatlarında Birləşmiş Krallığın başqa bir şəhərində, başqa bir səhnəsində dayanmışdım. Mən və qrupdakı 3 dostum yenidən səhnəyə çağırılmışdıq və Avroviziya münsifləri qərarlarını vermişdilər. Qalib idik, Avroviziya tarixindəki ən incə fərqlə. Bu gün burda əgər qazanmasaydıq nə olardı deyə düşünmək çətindir. Hər halda burada ola bilməzdim.

İnsanlar tez-tez küçədə mənə yaxınlaşırlar və belə deyirlər “Musiqi üçün təşəkkür edirəm, Byörn”. “ABBA”-nın dünyadakı milyonlarla insana, nəsillərdən nəsillərə təsir etməsi çox təsiredicidir.

“Bunu bilmək necə bir hisdir?” deyə məndən bəzən soruşurlar. Bu çox güclü bir hisdir, deyəsən qürurdan çox minnətdarlıq və təvazökarlıq kimi. Bu qədər insanın sizin yaratdığınız musiqini dinlədiyini, onunla xoşbəxt və ya qəmgin olduqlarını, bunun onlar üçün çox dəyərli olduğunu görmək sizi təvazökar edir.”

Byörn çıxışının sonunu isə belə bitirib:

“Növbəti il dönümündə mən burda olmaya bilərəm, ancaq avatarım burada olacaq.”

Qeyd edək ki, Londonda xüsusi olaraq “ABBA” üçün tikilmiş konsert salonunda 2 ildir davam edən “ABBA Voyage” holoqramlı şouları ilə hələ də böyük izləyici kütləsi tərəfindən sevilərək izlənilir. “Mamma Mia!” isə 1999-cu ildən bu günə qədər dünyanın ən böyük teatr səhnələrində alqışlarla izlənilməyə davam edir.