Məlumat verdiyimiz kimi, dünən İsveçin Malmö şəhərində 2024 Avroviziya Mahnı Müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub. Bu səbəblə keçirilən tədbirdə ölkə təmsilçilərimiz Fəxri və İlkin Dövlətov və digər 35 ölkə təmsilçisi firuzəyi xalça üzərində yeriyib. Yüksək enerjiləri ilə diqqət çəkən Fəxri və İlkin “INFE Azerbaijan”-a eksklüziv olaraq müsahibə veriblər. Ölkəmizdən uzaqda yerli fan-klubu görməyin sevinci içində olduqları hiss olunan təmsilçilərimizlə müsahibəni sizə təqdim edirik.

– Məşqləriniz necə keçir?

– İlkin: Demək olar hər gün məşqlərdəyik. Əgər səhnə məşqlərini nəzərdə tutursunuzsa, bilirsiniz, səhnə böyük bir səhnədir və hər bir səhnənin öz ağırlığı var, buna öyrəşmək üçün də müəyyən qədər zaman lazımdır. Bizim də məşqlərimiz yüksək səviyyədə davam edir. Artıq sabah (6 may tarixi nəzərdə tutulur) sonuncu məşqimizdir.

Fəxri: Məşqlərimiz həqiqətən çoxdur, hətta deyə bilərəm ki, Bakıda olan məşqlərdən də çoxdur. Biz “Malmö Arena”da və digər məkanlarda məşqlər edirik, çünki istənilən halda, böyük bir tədbirdir. Səsimiz də yorulur, özümüz də fiziki olaraq yoruluruq, ancaq digər təmsilçilərlə söhbət etdikdə görürük ki, hər kəsdə belədir. Amma biz inanırıq ki, səhnədə elə bir performans göstərəcəyik ki, hər kəs bizə “Vau, halaldır sizə” deyəcək.

– Biz də buna inanırıq. Bəs geyimləriniz haqqında nə deyə bilərsiz?

Fəxri: Geyimlərimiz haqqında onu deyə bilərik ki, bütün geyimlərimiz məna olaraq bir-birinə bağlıdır. Mənim tatumda da 4 element – hava, od, su, torpaq əks olunub və bu insanın müəyyən xüsusiyyətlərini əks etdirir. (Geyimini göstərərək) Bu torpaqdır və bilirsiz ki, enerjinin cəmləndiyi yer də torpaqdır. “Euro Club”-da çıxış etdiyimiz zaman geyindiyim qara geyimimin üzərində olan narıncı rəng od elementini əks etdirirdi. Klipdə olan boz rəngdə kostyumum hava elementini təmsil edirdi. Səhnədə isə parıltılarla, səhnənin arxasındakı simvollarla su elementini göstərəcəyik. 5-ci elementimiz isə sevgi elementidir. İlkinin isə geyimləri, insanın daxili harmoniyasını, daxili dünyasını təmsil edən elementlərdən ibarətdir. Səhnədəki geyim gördüyünüz kimi qara rəngdədir və insanın daxilindəki qaranlığı göstərir. Lakin bununla birlikdə həm də parıldayır, bu isə insanın özü ilə üzləşdiyi zaman gördüyü işığı təmsil edir.

– İlkin: Ümumilikdə deyə bilərəm ki, geyimlərimizdə döyüşçü ruhu da var. (Geyimini göstərərək) Bu geyim isə modern üslubda tikilmiş kostyumdur və burada milli xalçamızın və kəlağayımızın simvollarını görə bilirik. Bizim mahnımız ilə geyimlərimiz tandemdir, keçmiş ilə gələcəyi birləşdirir. Səhnədəki kosmik üslubda olan paltarlarımız bizim gələcəyimizdən, klipdə olan geyimlərimiz isə keçmişimizdən xəbər verir. Sadəcə bu gedişatı izləmək lazımdır və deyə bilərəm ki, izləyicilərimiz bu gedişatı tam şəkildə izləyirlər. Biz də əlimizdən gələni edirik ki, ölkəmizi, dövlətimizi, mədəniyyətimizi yüksək səviyyədə təmsil edək. Sizlər də sağ olun ki, bizə bu yolda mənəvi dəstək olursunuz və bu bizim üçün çox vacibdir. Təşəkkür edirik sizə!

Hazırda Malmö şəhərində olan və birbaşa məlumatları çatdıran komanda üzvlərimiz, Elmira və Elnura reportaj üçün təşəkkür edirik.